“Ya da həqiqətən hər şey bitib – hisslər də, ümid də, gözlənti də…”

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:52 22.03.2025

Yazıya Xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” sözləri ilə başlamaq istəyirəm. Aygün Bəylərin ölümündən sonra mahnıları xeyli gündəmə gəldi.

Sosial şəbəkələrdə yayılan mahnılarını görəndə, həm sevindim, həm kədərləndim. Bu mahnılar hər zaman belə möhtəşəm idi, amma sənətkarın sağlığında bu qədər paylaşılmırdı. “Özün Günahkarsan” da onlardan biridir. Mahnının musiqisi Kamala, sözləri isə Kəmalə Abıyevaya məxsusdur.
“Özün Günahkarsan” bir sevgi hekayəsini danışmaqla qalmır, həm də sevgiyə qarşı etinasızlığın sonradan necə böyük peşmançılığa səbəb ola biləcəyini də göstərir. Qəhrəmanımız yaşadığı acıların səbəbkarı kimi sevdiyini görür və bunu ona bildirir.
Nəfəsi ilə başqasını isidən kəsi otağında belə gözləsən, o, səni tapmayacaq. Çünki düşünmür ki, dodaqlarda alışanda, sənin ürəyində sönəcək.
Sevginin gözəlliklərinə işarə etdikcə, qarşılıqsız olanda nə qədər əzablara səbəb olduğu da göstərilir:

“Nə deyim, nə? Bir ummandın mənim üçün
Heç xəbərin olubmudur ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən”

“Umman” ərəbcədən “böyük dəniz”, “okean” mənasına gəlir. Deməli, qəlbində umman olan o kəs bunu qiymətləndirmir və özünə özgə qəlblərdə damla kimi yaşamağı rəva bilir.
Axı hər bir şeyin varlığı yoxluğunda bilinir. “Peşman qəlblə” qayıdan sevgili səni günahlandırır. Deyir ki, dəyişmisən, yadlaşmısan, səsində də bir ögeylik var. 
Bu yerdə Aygün Bəylər həzin səsi ilə: “Unutma ki, ögeyliyim, yadlaşmağım, həm günahın, həm cəzandır. İndi sənin özün günahkarsan”.
Bu sözlərdən sonra obrazımızın qəlbində bir sevgi qırıntısı qalıb-qalmadığı isə sual altındadır… Bəlkə də, içində hələ də bir yerə gizlənmiş sevgisi var. Ya da həqiqətən hər şey bitib – hisslər də, ümid də, gözlənti də…

Rafiq Yusifov