"Şərqi-Rus"dan "Azərbaycan"a-maarifçilikdən istiqlala gedən yol

Tarix: 12:06 08.07.2025
XIX əsrin ikinci yarısında H.Zərdabi "Əkinçi" qəzetini (1875-1877) yaratmaqla Azərbaycanda yeni bir mərhələnin başlanğıcını qoydu. Çar Rusiyasının hakimiyyəti altındakı türk və müsəlman toplumlarını maarifləndirməyi qarşılarına məqsəd qoyan Azərbaycan ziyalıları mənsub olduqları xalqın inkişafına, maarif və mədəniyyətinin tərəqqisinə çalışır, geriliyin, zülmün, ədalətsizliyin, istismarın məhv edilməsi üçün mübarizə aparırdılar.
"Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır" söyləyən kəsərli qələm sahibi, böyük publisist Ömər Faiq Nemanzadə də müasirləri kimi özünün maarifçi və demokratik ideyalarını məhz mətbuat vasitəsilə geniş xalq kütləsinə deyə bilirdi.
Azərbaycançılıq ideologiyasının dərin köklərinə yiyələnmiş Ö.F.Nemanzadə tarixin inkişaf prosesini dərindən dərk etməklə yanaşı, publisist yaradıcılığı ilə mənsub olduğu xalqın inkişafına, milli maraqlarına kömək etmiş, geriliyə, zülmə, ədalətsizliyə, istismara qarşı mübarizə aparmışdır. Ədib millətinin öz hüquqları uğrunda mübarizəsinin önündə gedənlərdən biri kimi publisistikasında dövrün ictimai-siyasi, tarixi gerçəklikləri kontekstində müsəlman aləminin bütün qaranlıq mühitinə aydınlıq gətirmiş, millətinin düçar olduğu bütün fəlakətlərdən qurtuluş yolunu göstərməyə çalışmışdır.
Ö.F.Nemanzadə "Şərqi-Rus"a qədər Şəki, Şamaxı və Gəncədə dünyəvi elmləri tədris etməklə xalqın maarif və mədəni həyatında canlanma yaradır, yeni tipli məktəblərin açılmasında, təhsillə bağlı problemlərin həllində böyük rol oynayır. Pedaqoji fəaliyyəti dövründə "Müəllim Nemanzadə" imzası ilə "Tərcüman" qəzetinə məktublar göndərən Ömər Faiq müsəlmanların elmdən, təhsildən uzaq qalmalarını, xalqa rəhbər olacaq dövlətlilərin, bəylərin maarifə, millətə olan hümmətlərinin azlığından gileylənir: "Maarifimiz də o dərəcədədir ki, ...Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var...
Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır" (7 yanvar 1900, №1).
Göründüyü kimi, Ömər Faiqin də maarifçilik fəaliyyəti üçün hələ ki, yeganə sahə təhsil idi.
Qəzetçilik fəaliyyətinə Tiflisdə "Şərqi-Rus"da başlayan istedadlı və kəsərli qələm sahibi bu ağır, çətin və daşlı-kəsəkli yolda ideya, mövzu və forma xüsusiyyətləri ilə zəngin yaradıcılıq axtarışlarına imza atır. Bu yaradıcılıq arenasında biz onu inqilabi-demokratik ideyaları ilə xalqına, millətinə bağlı bir vətəndaş ziyalı, milli kimliyin təəssübkeş müdafiəçisi, mənəvi dəyərlərin qoruyucusu kimi görürük.
Mətbuatı tribunaya çevirən Ö.F.Nemanzadə "Şərqi-Rus" qəzetində "Dərdimiz və dərmanımız" (1903, №3, 4, 5), "Dilimiz və imlamız" (1904, №40), "Nə üçün haqqımızı istəmiriz" (1904, №5), "Qəbirdən xortlayan adam" (1904, №79, 81), "Günah kimdə?" (1904, №88, 91) və başqa məqalələrində məhkum millətinin üzləşdiyi ehtiyaclardan, dərdlərdən, bütövlükdə cəmiyyətin qarşılaşdığı köklü nöqsanlardan ürək yanğısı ilə söhbət açır, öz siyasi düşüncə tərzinin məhsulu olan ilk publisistik nümunələrini ortaya qoyur. "Biz də vaxta görə çalışaq" (1904, №147, 148, 152) sərlövhəli silsilə məqaləsində yazırdı: "...zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, hər zərrə dəyişir...İnsaf və mürvətmidir ki, bizlər də hər şeydən də dışarı olaq? Dəyişməli".
Ömər Faiq xalqı, milləti göz görə-görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərə, cahil fikirlərə, əməllərə qarşı çıxır, yoxluqda üzülən xalqını zamana görə dəyişməyə, ümumi hüquqlardan istifadəyə çağırır. Millətin nicat yolunu inkişafda, elmdə, təhsildə, tərəqqidə görən ədib yazırdı: "Dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib" ayaqlar altında əzdirib yox edərlər...Xülasə, bizi adam edəcək... mədəniyyətə daxil edəcək bir vasitə... məktəblər, mədrəsələr və mətbuatdır".
Mətbuatı millətin savadlanması və maariflənməsi yolunda ən təsirli vasitə hesab edən Ö.F.Nemanzadə mətbəə almaq üçün çox səy göstərir və nəhayət, "Şərqi-Rus" qəzetinin mətbəəsini əldə edir. Ədibin "Qeyrət" mətbəəsinin fəaliyyəti haqqında, xüsusilə Azərbaycanda mətbəə və mətbuat tarixi barədə ilk əsər - "Nəşri-asarə dəvət" ("Əsərlər nəşrinə dəvət") də məhz bu mətbəədə çap olunur. "...Bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan" maarif və mətbuatı güclü silaha bənzədir, millətin qurtuluş yolunu da onda görür, haqlı olaraq mətbuatı həm də ictimai fikrin tribunası adlandırır.
Ömər Faiq "ümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək" yolunda ciddi mətbuatın əhəmiyyətini qeyd edir. O, hər kəsi nəşrlərə dəvət edir, millətin ətalət, cəhalət və elmsizlikdən qurtulmasının çıxış yolunu mətbəələrin sayının artmasında görür: "Əks halda mətbuatı yox və ya az olan millətlərin mədəniyyət və gücləri də yox hökmündədir".
Mətbuat orqanlarının sayının azlığı dövrün digər ziyalıları kimi, Ömər Faiqi də çox narahat edirdi. C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqaları bu fikirdə idilər ki, mətbu orqanların sayı artdıqca qəzetlər arasında birliklə bərabər, yeni fikirlər, yeni ideyalar, yeni düşüncələr də formalaşar ki, bu da millətin tərəqqisinə xidmət etmiş olar.
Ömər Faiq Nemanzadənin publisistikası məkan, zaman, mövzu, ideya və problem baxımından geniş və əhatəlidir. O, "Şərqi-Rus", "Həyat", "Molla Nəsrəddin", "Füyuzat", "İrşad", "Tazə Həyat", "Tərcüman", "Tərəqqi", "İqbal", "Yeni İqbal", "Qardaş köməyi", "Açıq söz" və "Azərbaycan" kimi mətbu orqanlarda bütün fəaliyyətini, elmini, biliyini, istedad və qabiliyyətini, bütövlükdə bütün həyatını vətənin, millətin tərəqqisi yoluna həsr etdi.
1906-cı ildə nəşr olunan "Molla Nəsrəddin" jurnalı Ö.F.Nemanzadə üçün böyük məktəb rolunu oynayır. Məsləkdaşı Cəlil Məmmədquluzadə ilə "Qeyrət" mətbəəsində nəşr etdikləri bu jurnal vasitəsilə ictimai quruluşun ədalətsizliyini, rus çarizminin yerli əhaliyə qarşı apardığı ayrı-seçkilik siyasətini, din pərdəsi arxasında milləti cəhalətə sürükləyən "din xadimləri"ni, qadın azadlığını buxovlayan qüvvələri, rüşvətxorluğu, dilimizə xor baxanları, millətin gələcək taleyinə biganə qalan intellektualları tənqid obyektinə çevirirdi.
Ədibin "Molla Nəsrəddin"də dərc olunmuş "Qayırma hədislər" (1907, №16), "Xortdana məktub" (1907, №19), "Bakı dəryası" (1907, №28), "Məktəb" (1907, №1), "Bakının əlacı" (1907, №31), "Allaha rüşvət" (1908, №8), "Pişik" (1910, №32) və bu kimi digər yazılarında başlıca olaraq hakim dairələrin zülmkarlığı, cəmiyyətdə kök salmış sosial problemlər, ana dili, elm və təhsil, qadın azadlığı məsələləri tənqid hədəfləri idi.
Ömər Faiq istər "Molla Nəsrəddin"də, istərsə də digər mətbu orqanlarda tənqid etməklə kifayətlənmir, siyasi proseslərə də nüfuz edir, istiqlal düşüncələrinə, azərbaycançılıq ideologiyasından qaynaqlanan milli mənlik şüurunun formalaşmasına, milli özünüdərkə, xalqın azadlıq uğrunda mübarizəsinə, siyasi hüquqlarının əldə olunmasına və düzgün yola istiqamətlənməsinə böyük yol açırdı.
Azərbaycan zaman-zaman ictimai-siyasi tufanlarla qarşılaşsa da, vəziyyətimiz heç vaxt XX əsrin ilk onilliklərində olduğu qədər məşəqqətli, faciəli olmamışdır (Ş.Hüseynov). Belə bir dövrün aktual mövzularını qəzet səhifələrində gündəmə gətirən böyük ədibin daşnakların imperiya qüvvələri ilə əlbirliyinə, erməni millətçilərinin müxtəlif hiylə və bəhanələrlə torpaqlarımıza sahib çıxmaq üçün törətdikləri qətliam və qırğınlara münasibəti bu günümüzün reallıqları və müasirlik baxımından böyük əhəmiyyət kəsb edir. Onun bu mövzuda 1905-1907-ci illər mətbuatda çıxışları, ermənilərin "böyük Ermənistan" yaratmaq xülyalarının qarşısında özümüzü mühafizə və müdafiəyə hazır olmağa çağırışı, əsrin sonunda Qarabağda və Qərbi Azərbaycanda baş vermiş və hələ də qalıqları təmizlənməkdə olan böyük faciələrin dərin köklərini öyrənmək, bu siyasətə son qoymaq üçün nə etmək lazım olduğunu bilməsi bir jurnalist və publisist kimi uzaqgörənliyi baxımından da maraq doğurur.
XX əsrin əvvəlləri və sonuna ayna tutan Ömər Faiq ermənilərin Naxçıvan, İrəvan və Qarabağ mahallarında qurduqları tələləri, polis və qoşunun əli ilə törətdikləri xainlikləri, erməni-müsəlman toqquşmalarını hökumət müftilərinin və onlara aldanan camaatın avamlığını ürək ağrısı ilə dilə gətirir: "Məgər nə dərəcədə bifəhm və safdil olmuşuq ki, ermənilərin İrəvan və Qarabağ səmtlərində hər cür hazırlaşmaqlarını görə-görə, hər cürə fitnə-fəsadlarını hiss edə-edə, hər növ xainanə hərəkətlərini qana-qana lazımi yolda müdafiə etməyi yadımıza belə gətirmədik" ("İrşad", 1906, №183).
"Nə etməliyik?" məqaləsində ifadə olunan bütün fikir və mülahizələr - 1905-1907-ci illər erməni-müsəlman qarşıdurmasını yaradan səbəblər, rus generallarının ermənilərə havadarlığı və rus məmurlarının bu qarşıdurmadakı məqsədləri və digər məsələlər analoji şəkildə XX əsrin 80-90-cı illərində özünü yenidən göstərdi: "…ermənilər ruslar ilə bir olub bizi İrəvan, Qarabağ səmtlərində zəiflətdikdən sonra… Rusiyanın inqilab və zəfini gözləyəcəklər. Və birinci fürsətdə Rusiyadan qabaqca "avtonomiya" istəyib, yavaş-yavaş özlərinə "Ermənistan" hazırlayacaqlar".
Elə buradaca qeyd edək ki, klassik publisistikamızın bu tematika ətrafındakı yazılarının aşkarlanmasına qadağa qoyan sovet senzura sistemi bizə ermənilərin əsl simasını anlamağa imkan verməmişdir.
Bu siyasi oyunları öncədən duyan, böyük demokratik düşüncə sahibi olan Ömər Faiq düşmənin qabağına düşmən kimi çıxmaqla öz hüquqlarımızı mühafizə etməyə, qüvvətli bir milli cəmiyyət qurmaqla xalqı birliyə və ayıq-sayıq olmağa çağırırdı.
Ömər Faiq məqalələrində dövrün ziyalılarına üz tutaraq onları millətini tanımağa, onun namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti kimi bilməyə səsləyir. Ədib "dostluq" xəncəri ilə dəfələrlə yaralanmağımıza baxmayaraq, hələ də millətimizin ruhunda köklənmiş, milli əxlaq yerini tutmuş və möhkəmlənmiş itaətkarlığı qamçılayır, bunu qabalığımız, quru cahilliyimiz kimi təqdim etməklə milli mənfəətimizə endirilən balta adlandırır: "Vaxtdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini, dinimizin "səlamət"liyini quru söz, lovğalıq ilə yox, əməlimizlə, köməyimizlə göstərək" ("Açıq söz", 10 yanvar 1917).
Ədibin milli kimliyimizlə bağlı məqalələri daha çox maraq doğurur. "Qardaş köməyi" dərgisində dərc olunan maraqlı, bu günümüz üçün aktual olan yazılardan biri "Bən kiməm?" məqaləsi hər bir oxucuya ünvanlanıb və hər kəsi bu sual qarsısında düşünməyə məcbur edir. Ömər Faiqə görə kiçik, məhkum millətlər öz qanları bahasına varlıqlarını, hüquqlarını qoruyub saxladıqları halda, biz özümüz tanımamazlıq bəlasına düçar olmuşuq. İnsanın öz soy və millətini tanımaması soyundan-kökündən uzaqlaşmaya gətirib çıxarır ki, bu da ən böyük günah, milləti üçün silinməz ləkədir. Bu tanımamazlığı qara yaraya, daha acılı və daha zəhərli taun çibanına bənzədən ədib biri qızılbaş, digəri "ac tat", başqa birisi "şiə", "sünni", "babi", "persiyan" adlandırılan və Qərbin məqsədli şəkildə parçalamağa çalışdığı türk millətinə üz tutur:
"...Niyə sana: "Kimsən?" dedikləri vəqt həqiqi cavabında aciz qalıyorsan? Niyə sadəcə deyə bilmiyorsan ki: Bən türkəm. Niyə bilmiyorsan ki, şiəlikdən, sünnilikdən, babilikdən də əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan. Sənin bu türklüyünə nə şiəlik, nə babilik və nə də dinsizlik mane ola bilməz.
Sən, ey türk, nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən!
Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babi, şeyx adları yox ikən, sən var idin! "
Məqalədən göründüyü kimi, Ö.F.Nemanzadə hələ ötən əsrin əvvəllərində müsəlmanların "islam ümmətindən türk millətinə çevrilməsi" kimi böyük bir hərəkatın öncüllərindən olmuş, türkçülük məfkurəsini işləyib hazırlayan, ona elmi-siyasi səciyyə verən ziyalılardan biri kimi mətbu irsində geniş əməli fəaliyyət göstərən milli istiqlal mücahidlərindən biri kimi xalqı milli intibaha, milli oyanışa səsləmiş, millətin qurtuluş yollarını göstərmişdir.
XXI əsrin əvvəlləri türk birliyi ideyasının reallaşması, türk xalqlarının bir-birlərini daha yaxından tanımaları, ortaq köklərə qayıdış -Türk Dövlətləri Təşkilatının yaranması, türk birliyinin tələb etdiyi ən ümdə məsələlərdən biri olan ortaq əlifba, ortaq dil məsələlərinin gündəmə gəlməsi Ömər Faiq ideyalarının və arzularının gerçəkləşməsidir.
Ömər Faiq Nemanzadənin publisistikasının "Azərbaycan" (1918-1920) mərhələsi onun vətəninə, millətinə olan sevgisinin və yeni qurulmuş Cümhurriyyətin dövlətçilik siyasətinə və fəaliyyətinə vətəndaşlıq mövqeyinin təzahürü baxımından əhəmiyyətlidir.
Bütün həyatını millətinin həqiqi azadlığı, istiqlaliyyəti, türklüyün birliyi, milli dilinin qorunması və təmizliyi, azad və müstəqil dövlət uğrunda mübarizəyə həsr edən Ö.F.Nemanzadə həyatının çətinliklər və iztirablarla dolu bir dövründə "Azərbaycan" qəzeti ilə sıx əməkdaşlıq etmiş, aparıcı yazarlarından biri kimi bütün proseslərə öz münasibətini bildirmişdir.
Qafqazda yeni yaranmış ilk müstəqil və güclü bir türk dövlətinin mövcudiyyətini gözü götürməyənlərə qarşı yönəlmiş cəsarətli yazıları onun necə böyük istedada, dərin elmi-nəzəri baxışlara, siyasi təfəkkürə, əhatəli biliyə malik olduğunu təsdiqləyir.
1918-1920-ci illərdə Ö.F.Nemanzadə siyasi-ideoloji baxışlarına, Axıska türklərinin Türkiyə hökumətinə rəğbət bəsləməsində roluna və eləcə də Qafqazda məzlum türklərin siyasi hüquqlarının müdafiəsi uğrunda mübarizəsinə görə gürcü hökuməti və menşeviklər tərəfindən üç dəfə həbsə məruz qalır ki, bu da "Azərbaycan" qəzetinin fəaliyyəti dövrünə təsadüf edir.
Bütün bunlarla bərabər, Ömər Faiq qəzetlə əməkdaşlığını davam etdirir. Ədibin "Paylaşmaq istəyirlər" (№158, 1919), "Böhtanlarla böyük işlər görülür" (№161, 1919), "Axıska fəlakəti şiddətilə davam edir" (№162, 1919), "Alçaq siyasət" (№164, 1919), "Möhkəm idarə möhkəm əxlaqlı istər" (№169, 1919), "Ümidsizlik zəiflik nişanəsidir" (№187, 1919), "Nədir bu naxoşluq?" (№188, 1919), "Hazır ol!" (№194, 1919), "Xanıstan-Ermənistan" (№195, 1919), "Aldanmayınız!" (№208, 1919), "Sağ ayağımız da kəsilir" (№214 1919), "İşlərimizdə hərcü-mərclik" (№220, 1919), "Felyeton: Məcdüssəltənə" (№228, 1919), "Şəhərimiz idarəsizliyi" (№245, 1919), "Milliləşmək" (№327; №328; №330, 1919) silsilə məqalələri onun milli düşüncələrinin və yeni qurulmuş Xalq Cümhuriyyətinin gələcək fəaliyyətinə publisist yanaşmalarının məhsuludur.
Xalq Cümhuriyyəti kimi müstəqil bir dövlət yaratmış Azərbaycanda demokratik dövlət quruculuğu prosesində islahatlarla bərabər, qarşıda duran böyük çətinliklər də özünü göstərirdi.
"Sağ ayağımız da kəsilir" başlıqlı məqaləsində sosial, siyasi və iqtisadi problemlərin həllinə çalışan gənc bir hökumətin ali məqsədinin ideal dövlət modeli yaratmaq olduğunu qeyd edən Ömər Faiq gənc Azərbaycan hökumətinin yüksək əxlaqi keyfiyyətini - sülh tərəfdaşlığını atdığı addımlarda görür: "O (hökumət - A.Əzimova) istiyor ki, təmiz əllərini qana bulaşdırmasın, tazə hərəkətə gələn qollarını insaniyyətə xidmətə alışdırsın".
"Tazə doğan hökumət"in xalqa ədalət, hürriyyət və azadlıq verməsini, insani fikirlərlə indiyədək hər cür təcavüzlərə, həqarətlərə hələ də göz yummasının müsbət və mənfi cəhətlərini analiz edən Ömər Faiq bunun bir tərəfdən də itaətsizliyə, məmləkətin, istiqlalın gələcəyi üçün böyük bir təhlükəyə yol açdığı barədə xəbərdarlıq edir. Gürcüstandan, Dağıstandan, Ermənistandan və Rusiyadan öz hökumətlərindən müxtəlif səbəblərdən qaçan menşevik, Denikin, daşnak, imperialist, kommunist-bolşevik kimi qarətkarların, oğruların - hər kəsin güzəl və hürr Azərbaycan paytaxtına toplanmasını gələcək üçün necə bir fəlakətli uçurum yaradacağından xəbər verən uzaqgörən ədib hökuməti siyasi ayıqlığa çağırır: "Tədbirsiz, səy və qüvvətsiz arxayın olmaq hər şeyə razı olmaqdır".
Rusiyanın və imperialist dövlətlərin Cənubi Qafqazda apardıqları "Parçalamaq" siyasətini gözəl anlayan uzaqgörən publisist Türkiyə ilə rabitənin əbədi kəsilməsinin və Bakı-Culfa dəmiryolu planının qarşısının alınmasının siyasi məqsəd və məramını şərh edir. Kars, Ərdəhan, Ovləti, Qağızman, Sürməli mahallarının erməni qaçqınlarını yerləşdirmək bəhanəsilə güc və zülmlə müsəlmanların əlindən alınıb ermənilərə verilməsini uzun illərin planı olduğunu və bu türk yerlərinə sahib çıxanlara cavabsız qalmağımızı qınayır və bunun istiqlalımız üçün gələcək böyük təhlükələrə yol açacağını söyləyir: "Zəngəzuru almaqla bizim sağ ayağımızı da kəsiyorlar...
Əcəba! Bu fəlakətlərə səbr və bu səbrlə hər şeyə razı olacaqmıyız?"
Ömər Faiqin narahatlığı əbəs yerə deyildi. Çox keçmir ki, sovet hakimiyyəti Cənubi Qafqazda möhkəmlənir, bununla da həmin ərazinin inzibati-siyasi xəritəsində dəyişikliklər həyata keçirməyə başlayır. 1921-ci ildə Ermənistan SSR və Azərbaycan SSR arasındakı razılaşmaya əsasən, tarixən Azərbaycan torpağı olan Zəngəzur qəzası Moskva və Qars müqavilələri əsasında 2 yerə bölünür ki, bu fəlakəti başlanğıcda ədib yeni hökumətə, eləcə də xalqa qəzet vasitəsilə xatırlatmışdır. Necə ki, ikiyə parçalanmış Azərbaycan, ikiyə bölünmüş Zəngəzur. Fərqli zamanın eyni dərdləri, eyni problemləri.
Ömər Faiq öz fikirlərini "Paylaşmaq istəyirlər" (№58, 1919) məqaləsində davam etdirir, siyasi və geosiyasi məsələni - qonşu dövlətlərin "türk-islam kütleyi-müəzziməsini" öz aralarında paylaşmaq istəklərini yenidən gündəmə gətirir. Ədib göstərir ki, Axıska, Axalkələk, Qars, Batum kimi bölgələrdə yaşayan müsəlman-türk əhalisi silah, zorakılıq gücü ilə sıxışdırılmaqla öz yer və yurdlarından didərgin salınır. Ö.Faiq Gürcüstan və Ermənistanın öz sərhədlərini genişləndirmək məqsədini "paylaşmaq-parçalamaq, zəiflətmək" siyasəti ilə həyata keçirdiklərini bir siyasətçi-publisist düşüncəsi ilə ortaya qoyur.
"Gürcü və erməni qəzetləri Qars hökumətinin dağılmasından və oraların tezliklə gürcü və ermənilərin əllərinə keçəcəyindən bəhs edib şimdidən izhari-şadmani edirlər. (şadlıqlarını büruzə verirlər).
Biz də hələ fürsət varkən izhari-qeyrət və həmiyyət göstərib, hüquqi-milliyəmizin müdafeyi-biamanı (amansız müdafiəçisi) olacağımızı elan etməliyiz".
Göründüyü kimi, Ö.F.Nemanzadə publisistikasında özünü göstərən bu həqiqətlər, gerçəklər bugünkü günümüzün reallıqlarıdır ki, aktuallığını hələ də saxlayır.
"Azərbaycan" qəzetində "Ümid var" imzası ilə dərc edilən "Hazır ol" (№194, 1919) məqaləsini Ömər Faiqin bəşəriyyəti oyanışa, maariflənməyə, azadlıq və ədalət uğrunda mübarizəyə, qardaşlığa, səadətə, bütövlükdə insanlığa, bəşəri dəyərlərə ünvanlanmış humanist bir çağırışı kimi qiymətləndirə bilərik.
"Millətim növi-bəşərdir, vətənim ruyi-zəmin" söyləyən ədib "bundan daha həqiqi bir iman, daha ülvi bir əməl, daha ilahi bir qayə və məqsəd olarmı" sualını özü cavablandıraraq bütün insanları qardaş, dünyanı da vətən adlandırır. Humanist və maarifçi dünyagörüşə malik ədib özünü bəşəriyyətin bir üzvü adlandırmaqla, millətlər arasında özünü göstərən dini, irqi və milli ayrı-seçkiliyə qarşı çıxır, bu fərqlərə görə insanların bölünməsini faciələrə yol açdığını vurğulayır: "...qardaşlığa yaraşmayan ortadakı bu canavarlıq, bu yırtıcılıq, bu heyvanlıq, bu qəhr və zülmlər nə?" - söyləyir.
Ömər Faiq publisistikasının ana xəttini təşkil edən milli kimlik məsələsi bu məqalənin də əsas qayəsini təşkil edir. Ədibin "Ey azərbaycanlı, ey türk!" müraciəti böyük türk dünyasına, türk birliyinə ünvanlanan çağırış idi. Gənc Azərbaycan dövlətinin əlindəki istiqlal nemətini qapmaq istəyənlərə qarşı bütün mövcudiyyətilə hazır olmağa çağırır. Sonda azərbaycanlıları haqq və ədalət uğrunda mübarizəyə çağıran ədibin fikirləri müasir dövrümüzün də gerçəkliyini özündə əks etdirir: "...Burasını da eyi bil ki, sən özgəsini, özgə torpağını qurtarmayırsan; özünü, öz evini, öz balalarını qurtarırsan. Çünki Vətən-sən, sən-vətənsən!"
Burada Ömər Faiqin "Vətən" anlayışı daha geniş bir anlamı ifadə edir. Bu düşüncəyə görə "Vətən" ədibin daxilində, mənəviyyatında daşıdığı mənəvi borc və onun qarşısında daşıdığı məsuliyyətdir. Bax, budur Ömər Faiqin vətəndaşlıq mövqeyi, dəyərlərimizə verdiyi qiymət, bu günümüz üçün əhəmiyyət daşıyan və aktuallıq kəsb edən mənəvi xəzinəsi.
Millətin və onun milli kimlik şüurunun formalaşmasında Ö.F.Nemanzadə publisistikasının rolu böyük olmuşdur. Milli kimlik, milli dil və özünüdərk problemlərini özündə əks etdirən "Milliləşmək" (№327; 328; N330) silsilə məqalələri öz dövrü və bu günümüz üçün çox əhəmiyyətlidir.
Klassiklərimiz də dili hər millətin mövcudluq faktoru kimi qiymətləndirmişlər. Dilsiz bir millət məhvə məhkumdur. Məqalədə də qeyd edilir ki, tarixin müxtəlif dönəmlərində hər cəmiyyət, hər bir fərd ənənəsindən, iman və etiqadından az-çox əl çəkdiyi halda, milli dilindən əsla və əsla vaz keçməmişdir. Bir millətin ədəbiyyata malik dilini o millətin ruhu, mövcudiyyətini milliləşmənin vacib şərtlərindən sayan Ömər Faiq yazır: "Dili kəsilməyən millətin vücudu kəsiləmməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz" (№327).
Dili millətin mənəvi siması, onu yaşadan əsas amil, milliləşmənin təməl şərtlərindən biri hesab edən ədib paralel olaraq əlifba və milli ədəbiyyatı da insanları qara cəhalətdən, istibdaddan xilas edən vasitə kimi qiymətləndirir. M.F.Axundov, H.Zərdabi, Ə.Ağaoğlu və digər maarifçi publisistlər tərəfindən inkişaf etdirilən azərbaycançılığın mühüm tərkib hissəslərindən biri olan dil məsələsini bu ideologiyanın komponenti kimi milli tərəqqi və təkamül ilə bağlayır. "Xüsusiyyəti-milliyənin" yeganə şüarı olan milli dili mühafizə etməyə çağıran ədib hər kəsin qarşısında böyük bir vəzifə qoyur:
"Xalq mühafizə etdiyi hökumətin dilini, yazısını təbii, öz dili, öz yazısı olmasını istər və bunu istəməkdə dünya qədər haqqı vardır... Hürriyyətimizi, istiqlalımızı candan istəyirsək, Azərbaycan dilinə, Azərbaycan milli ədəbiyyatına, Azərbaycan xalqına qiymət verməli, hörmət etməliyiz".
Milli ədəbiyyatın və elmlərin tərəqqisinin əhəmiyyətini silahdan min kərə güclü təqdim edən Ömər Faiq bu məqalədə çox ciddi bir məsələni də dövrün aktual və əhəmiyyətli problemi kimi təqdim edir. Azərbaycan ziyalılarının uzun zaman uğrunda mübarizə apardıqları əlifba məsələsini də maariflənmənin, milliləşmənin əsas vasitələrindən biri kimi təqdim edir. Türkcənin yazı və mətbuat aləmində zəifliyini türkcənin özündə deyil, başına bəla etdiyi əlifbasında görür: "...türkcəmiz danışıq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əsla yaramayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqlalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömür sürmüşdür".
Onun bu baxışları M.F.Axundovun əlifba islahatı haqqında nəzəri fikirlərinin davamı idi: "Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bügünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim" qabaqcıl yanaşmasını gələcək latın əlifbasına keçid ideyasına zəmin yaradan fikirlər kimi qiymətləndirmək olar. Ədibin əlifba məsələsinə dair bu görüşləri onun dövrünün maarifçi, islahatçı bir şəxsiyyət olduğunu təsdiqləyir. Ədibin bu fikirləri sonralar latın qrafikasına keçid və milli mətbuatın inkişafında öz təsirini göstərdi.
Bütövlükdə, milli ideologiyanın yaradıcılarından biri olan Ömər Faiq Nemanzadə mətbu fəaliyyəti ilə milli kimlik şüurunun formalaşmasında və inkişafında böyük rol oynamışdır. Azərbaycançılıq ideologiyasının təməl prinsiplərini ortaya qoyanlardan biri kimi milləti maarifə, elmə, mədəniyyətə səsləmiş, azad sözün müdafiəçisi olmuş, cəsarətli və təndiqi yazıları ilə haqq, ədalət və həqiqət carçısı olmuşdur.
Ö.F.Nemanzadənin "Azərbaycan" qəzetindəki fəaliyyəti həm ideoloji, həm də ədəbi-publisistik baxımından da mühüm tarixi əhəmiyyət kəsb etmişdir. Ədibin millət, vətən, dil, milli kimlik, milli ədəbiyyat və mədəni dəyərlər mövzusunda qəzetin səhifələrində qaldırdığı ciddi problemlər bu günümüz üçün də aktuallıq kəsb edir.
Aygün ƏZİMOVA,
BDU Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru