İsrail həbsxanasında 17 yaşlı fələstinli gənc vəfat edib

Bölmə: Hadisə › ,
Tarix: 21:37 24.03.2025

İsrailin Megiddo həbsxanasında inzibati həbsdə saxlanılan 17 yaşlı fələstinli Valid Əhmədin vəfat etdiyi bildirilib.

Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin Məhbuslar Dərnəyinin birgə bəyanatında bu barədə məlumat verilib.

Açıqlamada qeyd olunub ki, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinin Silvad qəsəbəsinin sakini Valid Əhməd 30 sentyabr 2024-cü ildən etibarən İsrail həbsxanasında inzibati həbsdə saxlanılırdı.

"İsrail tərəfi ilə əlaqə saxlayan Mülki İşlər Baş İdarəsi Valid Əhmədin Megiddo həbsxanasında vəfat etdiyini bildirib".

Açıqlamada fələstinli gəncin ölüm səbəbinin hələlik məlum olmadığı vurğulanıb.

Bəyanatda oktyabrın 7-dən bu yana İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı sistematik cinayətlər törədildiyi bildirilib və Valid Əhmədin ölümü bu siyahıya yeni adın əlavə olunması kimi qiymətləndirilib. Həmçinin vurğulanıb ki, "Məhkumlara qarşı aparılan müharibə, fələstinlilərə qarşı soyqırımın başqa bir formasıdır."

Açıqlamaya görə, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya hücumlarına başlamasından sonra İsrail həbsxanalarında vəfat edən fələstinlilərin sayı 63-ə çatıb. Onlardan ən azı 40-nın Qəzzadan olduğu bildirilib.

1967-ci ildən bəri İsrail həbsxanalarında 300 fələstinli vəfat edib.

 

Mənbə: TRT Haber


Səyyarə Mirzəyeva