İnsan beyni ilə bağlı təəccüblü kəşf

Tarix: 22:06 27.03.2025
Uzun illərdir elm adamları insan beynini digər primatlarla müqayisə edərək onun unikal cəhətlərini anlamağa çalışırlar. Son araşdırmalar insan beyninin gözlənilməz bir sahəsinin digər növlərdən fərqli olduğunu ortaya çıxarıb.
Keçmiş tədqiqatlar ümumiyyətlə insan beyninin ölçüsü baxımından digər növlərdən fərqlərini qiymətləndirirdi.
Bununla belə, Oksford Universiteti və Aix-Marseille Universitetinin alimləri bu dəfə beynin daxili əlaqələrini araşdıraraq yeni bir perspektiv təklif ediblər.
Tədqiqatda insanlar, şimpanzelər və makaka meymunlarının beyin əlaqə xəritələri müqayisə edilib.
Şimpanzelər bonobolarla birlikdə insanlara ən yaxın yaşayan qohumlar kimi tanınsa da, makaka meymunları elm aləmində ən tanınmış primat növləri arasındadır.
Tədqiqatçılar maqnit rezonans görüntüləmə (MRT) məlumatlarından istifadə edərək beyindəki "ağ maddə" əlaqələrini təhlil ediblər.
Beyin hüceyrələri arasında əlaqə yaratmağa imkan verən bu əlaqələr, beynin müəyyən hissələrinin necə işlədiyi barədə kritik məlumat verir.
Ən böyük fərq temporal lobdadır
Əvvəlki tədqiqatlar göstərirdi ki, insan beyninin unikal tərəfləri daha çox mürəkkəb düşüncə və qərar qəbuletmə prosesləri ilə əlaqəli olan prefrontal korteksdə yerləşir. Yeni araşdırma isə böyük fərqin prefrontal korteksdən çox, temporal lobda olduğunu göstərib.
Temporal lob, görmə və eşitmə duyğularından gələn məlumatların dərindən işlənildiyi beyin bölgəsi kimi tanınır. Tədqiqat, xüsusilə medial temporal korteksdəki əlaqələrin yalnız insanlara xas olduğunu müəyyən edib.
Dil və sosial idrak arasındakı əlaqə
Bu fərqlərin əsas səbəbi beyində ön qabığı və temporal korteksi birləşdirən "arcuate fasciculus" adlanan neyron şəbəkəsidir.
Bu əlaqə ənənəvi olaraq insanlarda dil emalı ilə əlaqələndirilir. Lakin tədqiqatçılar aşkar ediblər ki, arcuate fasciculus təkcə dillə bağlı deyil, həm də sensor məlumatların inteqrasiyası və sosial davranışın işlənməsi funksiyalarını dəstəkləyir.
Araşdırma həmçinin göstərib ki, insan beynində temporal korteksin arxa hissəsində yerləşən temporoparietal birləşmə bölgəsi digər primatlardan fərqlidir. Bu bölgə başqalarının inanc və niyyətlərini anlamaq kimi mürəkkəb sosial idrak proseslərində mühüm rol oynayır.
İnsan beynində bu bölgənin üz ifadələri və davranış işarələri kimi vizual məlumatları emal edən digər beyin sahələri ilə daha sıx əlaqəsi olduğu aşkar edilib. Bu, insan beyninin sosial qarşılıqlı əlaqələri daha ətraflı şəkildə emal etmək üçün xüsusi olaraq qurulduğunu göstərir.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə