Beyin implantı iflicli qadının düşüncələrini anlıq danışığa çevirdi

Bölmə: Maraqlı › ,
Tarix: 21:48 01.04.2025

ABŞ-də 30 yaşında keçirdiyi beyin sapı iflici səbəbindən danışma qabiliyyətini itirən bir qadın, inkişaf etdirilmiş yeni bir beyin-kompüter interfeysi (BCI) sayəsində düşüncələrini anında danışığa çevirə bilib.

 

ABŞ-li tədqiqatçıların hazırladığı innovativ metod, qadının beyin aktivliyini 80 millisaniyəlik intervallarla analiz edərək bunu sintez olunmuş səslə ifadə edir. Əvvəlki texnologiyaların yaratdığı gecikmələri aradan qaldıran sistem, danışığın daha axıcı olmasını təmin edir. İnsan bədəni düşüncələri dərhal səsə çevirmək qabiliyyətindən çox zaman xəbərsiz istifadə edir. Lakin danışma qabiliyyətini itirən şəxslər üçün bu proses böyük çətinlik yaradır. ALS kimi nevroloji xəstəliklər və ya sinir sistemində baş verən zədələr beynin danışıq mərkəzinin səs yaratma mexanizmi ilə əlaqəsini kəsə bilir. Bu səbəbdən beyin implantları və xüsusi proqramlar bu insanlar üçün yeni ünsiyyət üsulu təqdim etməyi hədəfləyir.Son illərdə BCI sistemləri ilə bağlı əhəmiyyətli inkişaflar qeydə alınıb. Mövcud metodların çoxu bir mətnin tam analizindən sonra onu danışığa çevirir ki, bu da danışığın axıcılığına mənfi təsir göstərir. Kaliforniya Universitetinin Berkeley və San-Fransiskodakı tədqiqatçıları nəşr etdikləri hesabatda, “Danışıq sintezindəki gecikməni azaltmaq və kod açma sürətini artırmaq dinamik söhbət və axıcı ünsiyyət üçün kritik əhəmiyyət daşıyır” ifadələrini işlədiblər. Tədqiqatı aparan mühəndis Kaylo Littlejohn və komandası, 47 yaşlı iştirakçının sensorimotor korteksindən əldə edilən məlumatları istifadə edərək 1000 sözlük lüğət bazasından 100 müxtəlif cümləni səssizcə düşündüyü zaman dərin öyrənmə əsaslı neyron şəbəkəsini məşq etdirib. Sistem iştirakçının səs yazısına əsaslanan sintez edilmiş səslə danışmasını təmin edib və əvvəlki metodlarla müqayisədə söz başına tərcümə sürətini ikiqat artırıb.

 

80 millisaniyəlik zaman intervallarında işləyən bu yeni metod, beyin siqnallarını anında səsləndirə bilir və beləliklə daha təbii danışıq axını yaradır. Bundan əlavə, əvvəlcədən öyrədilməmiş sözləri də yüksək dəqiqliklə tanıya bilən sistem, iştirakçının əvvəlki səs qeydlərindən yaradılmış bir səs sintezi vasitəsilə danışığın onun öz səsinə bənzəməsini təmin edib. Tədqiqatçılar metodun klinik istifadəyə hazır olması üçün daha çox inkişaf etdirilməli olduğunu qeyd etsələr də, bu sahədəki sürətli irəliləyişlərin danışma qabiliyyətini itirmiş şəxslər üçün ümidverici olduğunu vurğulayırlar. Tədqiqat Nature Neuroscience jurnalında dərc edilib.

 

TRT HABER
Billurə Quliyeva