Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi

Bölmə: Sosial › ,
Tarix: 21:46 02.04.2025

Valideynlərini itirmiş şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək. Bununla bağlı prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "İnformator.az"a verdiyi açıqlamaya görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, eləcə də onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 manat müəyyən edilib:

 

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən veriləcək birdəfəlik müavinət "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, eləcə də onların arasından olub 18 yaşınadək olan şəxslər və ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər üçün nəzərdə tutulur.

Əlavə olaraq bildiririk ki, 1 aprel 2025-ci ildən etibarən müvafiq təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinət veriləcək".

 

Xədicə Məhərrəmli