Putin bu il müharibəni dayandıracaq – İqtisadiyyat çökür

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:18 21.07.2025

 

Vladimir Putin böyük ehtimalla bu il Ukraynaya qarşı müharibəni bitirmək istəyir, çünki Rusiya iqtisadiyyatı bu vəziyyəti daha çox davam etdirə bilməz.Bunu avstraliyalı hərbi analitik Mayk Ryan deyib.

 

“Bu gün Moskva bir çox ciddi problemlərlə üz-üzədir və bu problemlərin müharibə davam etdiyi müddətdə asan həlli görünmür. Söhbət iqtisadi çətinliklərdən, Quru Qoşunlarının döyüş qabiliyyətinin xeyli zəifləməsindən, ordunun ehtiyaclarını qarşılamaq üçün Şimali Koreya və Çindən asılı vəziyyətə düşməsindən və eyni zamanda ABŞ prezidentindən gələn siyasi təzyiqlərdən gedir.İyun ayında Putinin verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərcləri azaldacaqlarını bildirmişdi. Analitikin fikrincə, bu onu göstərir ki, Putin müharibəni güclü mövqedə bitirmək üçün hazırda əlindəki bütün imkanları səfərbər edir”, - ekspert qeyd edib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, ümumilikdə hazırkı dövrdə Rusiya iqtisadiyyatını analiz etdikdə demək olmaz ki, ölkə iqtisadiyyatı çöküş mərhələsini yaşayır:


“Hazırda tətbiq olunan sanksiyalar, iqtisadi şoklar və müəyyən müdaxilələr daha çox qısamüddətli xarakter daşıyır. Əgər bu proseslər uzunmüddətli olsaydı, müharibə daha qızğın mərhələyə keçsəydi və daha sərt iqtisadi zərbələr baş versəydi, o zaman Rusiya iqtisadiyyatının çöküşündən danışmaq mümkün olardı.Rusiya iqtisadiyyatı güclü resurslara malikdir, daxili tələbatını əsasən öz məhsulları ilə təmin edir və həmçinin xarici bazarlara ixrac həyata keçirir. Hazırkı dövrdə baş verən proseslər yalnız iqtisadi zəifləmə kimi xarakterizə oluna bilər, tam çöküşdən söhbət getmir.Zəifləmə daha çox enerji sektoru və hərbi-sənaye kompleksində müşahidə olunur. Enerji sektorundakı geriləmə əsasən Avropa bazarındakı mövqelərin itirilməsi ilə bağlıdır. Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmağa və bu istiqamətdə əməkdaşlığı məhdudlaşdırmağa başlayıblar. Nəticədə Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirlər azalıb”.

 

Günay Hüseynova qeyd edib ki, müharibə dövründə Rusiya iqtisadiyyatının əsas prioritet istiqaməti hərbi-sənaye kompleksinə yatırımlar olub:


“Lakin ixrac gəlirlərinin azalması digər sahələrə də təsir göstərir və hərbi sahəyə yönəldilən vəsaitlərin həcmi də azalmağa başlayır. Bu da müharibə şəraitində hərbi sənaye kompleksinin zəifləməsinə səbəb olur.Qlobal səviyyədə də dolların zəifləməsi müşahidə olunur. Lakin bununla yanaşı Rusiyada inflyasiya səviyyəsinin artması, milli valyutanın dəyərdən düşməsi və əhalinin real gəlirlərinin azalması da mövcuddur. Bütün bu faktorlar iqtisadiyyatın dayanıqlığına mənfi təsir edir və stabilliyi qorumağı çətinləşdirir”.


İqtisadçı ekspert , hərbi xərclərin azalmasının Rusiya iqtisadiyyatına təsiri haqqında qeyd edib ki, Prezident Putin özü də bəyan edib ki, hərbi xərclərin müəyyən qədər azaldılması yalnız qısamüddətli və müvəqqəti tədbirdir:

 

“Ümumilikdə isə hərbi xərclər dövlət büdcəsinin 50 faizindən çoxunu təşkil etmədiyi üçün onların azaldılması iqtisadiyyatın köklü şəkildə xilasına səbəb ola bilməz.Hərbi büdcənin azaldılması əsas makroiqtisadi problemlərin — inflyasiya, valyutanın ucuzlaşması, əhalinin gəlirlərinin azalması kimi məsələlərin həllinə kömək etmir. Bu yalnız müəyyən mərhələdə müvəqqəti balanslaşdırıcı təsir göstərə bilər”.

 

Günay Hüseynova Şimali Koreya ilə əməkdaşlığın Rusiya iqtisadiyyatına təsiri haqqında bildirib ki, bu əməkdaşlıq yalnız məhdud dəstək xarakteri daşıyır və qısamüddətli təsir göstərə bilər:


“Şimali Koreya Rusiyanın iqtisadiyyatını xilas edə biləcək miqyasda ticarət tərəfdaşı və ya iqtisadi-strateji çıxış yolu deyil. Əməkdaşlıq yalnız müəyyən sahələrdə Rusiyaya dəstək verə bilər, lakin iqtisadiyyatın ümumi vəziyyətinə ciddi təsir etməsi mümkün deyil”.

 

Ekspert son olaraq açıqlamasına əlavə edib ki, Rusiya Prezidenti Putinin hazırda yürüdüyü siyasət Rusiya iqtisadiyyatının qısa müddətdə uğradığı iqtisadi şoklardan çıxarılmasına xidmət edən müvəqqəti xarakter daşıyır:


“Çünki, yuxarıda qeyd etdiyim kimi, əgər bu kimi proseslər uzun müddət davam edərsə və Rusiyanın əsas gəlir mənbəyi kimi tanınan ixracat gəlirləri zəifləyərsə, digər dövlətlər əməkdaşlıqdan geri çəkilərsə və strateji əməkdaşlıq tamamilə sıradan çıxarsa, bu, həqiqətən də Rusiya iqtisadiyyatının tənəzzülünə səbəb ola bilər.Ona görə də qeyd etdiyim kimi, hazırda yürüdülən siyasət Rusiyanın iqtisadi şoklara və sanksiyalara qarşı zəifləməsinin qarşısını almağa və iqtisadiyyatı əvvəlki vəziyyətinə qaytarmağa yönəlib. Bundan sonra isə uzunmüddətli strategiya planlaşdırılacaq.Bu o demək deyil ki, Rusiya iqtisadiyyatı hazırda çöküş mərhələsindədir. Əgər proses uzunmüddətli olarsa, bu barədə danışmaq olar. Lakin hazırkı gedişat onu göstərir ki, mövcud siyasət yalnız qısa müddətli xarakter daşıyır”.

 

Ləman Mahmudlu