İcbari Tibbi Sığorta və Ailə Həkimliyi Sistemi Üzrə Vacib Addımlar

Tarix: 21:05 03.04.2025
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və ailə həkimliyi sisteminin inkişaf etdirilməsi səhiyyə sahəsində atılan mühüm addımlardandır. Bu sistemlərin uğurlu şəkildə qurulması və təkmilləşdirilməsi, vətəndaşların daha keyfiyyətli tibbi xidmət almasına imkan yaradacaq. İcbari tibbi sığorta ölkə üzrə bütün bölgələrdə bərabər şəkildə tətbiq edilməli, onun infrastrukturu genişləndirilməli və bu sahədə çalışan tibb müəssisələrinin texniki təminatı artırılmalıdır.
Azərbaycan Tibb Universitetinin müəllimi və tibb üzrə ekspert, professor Adil Qeybulla "İnformator.az"a verdiyi açıqlamada icbari tibbi sığorta və ailə həkimliyi sahəsindəki mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.O, bu sistemlərin inkişafı və təkmilləşdirilməsi üçün bir neçə vacib addımın atılmasının zəruri olduğunu vurğulayıb.
Adil Qeybulla, icbari tibbi sığortanın ölkə üzrə bütün bölgələrdə bərabər şəkildə tətbiqinin təmin edilməsinin vacibliyini qeyd edib:
"İcbari tibbi sığortanın infrastrukturu bütün bölgələr üzrə yaradılmalı, bu bölgələr arasında assosiativ əlaqələr qurulmalıdır. Həmçinin, dövlət proqramına daxil olan digər sistemlər də tədricən icbari tibbi sığorta çərçivəsinə daxil edilməlidir".
Ekspert, icbari tibbi sığorta sisteminin dövlət xəstəxanalarının və mülkiyyət formalarından asılı olmayaraq digər klinikaların işini təkmilləşdirməli olduğunu bildirib
Ailə həkimliyi sahəsində isə Adil Qeybulla, bu sistemin daha da genişləndirilməli olduğunu qeyd edib. O, ailə həkimlərinin Sovet dövründəki sahə həkimləri ilə müqayisə edilməməli olduğunu vurğulayıb:
“Ailə həkimi, insanların xəstəlik tarixini bilən, onları lazımi hallarda həkimə yönləndirən və ilk yardımı göstərən bir mütəxəssisdir. Bu sistem artıq dünya təbabətində özünü doğruldub və Azərbaycanda da kadr hazırlığı başlanılıb".
Professor, imtiyazlı dərman vasitələrinin təminatı ilə bağlı da fikir bildirib. Onun sözlərinə görə, bu dərmanlar xroniki xəstəlikləri olan insanlara, məsələn, şəkərli diabet, qan təzyiqi və bronxial astma kimi xəstəliklərdən əziyyət çəkənlərə yönəldilməlidir:
“İmtiyazlı dərmanlar siyahısına nadir tapılan dərmanlar da daxil edilməlidir. Bu dərmanların asanlıqla əldə edilməsi və düzgün təminatı çox vacibdir".
Sonda, Adil Qeybulla, xüsusilə tək yaşayan və dərmana ehtiyacı olan xəstələrin dərmanlara çıxışının asanlaşdırılması və onların qəbuluna nəzarət olunması ilə bağlı mexanizmlərin yaradılmasını tövsiyə edib.
Güllər Gülhüseynova