Cənubi Koreyada meşə yanğınları nəzarət altına alınıb

Bölmə: Sosial › ,
Tarix: 21:11 03.04.2025

Martın 21-də Cənubi Koreyanın cənub-şərqində başlayan və "ölkənin indiyə qədər yaşadığı ən böyük meşə yanğınları" kimi qiymətləndirilən yanğınlar tamamilə nəzarət altına alınıb.

 

Yonhapın xəbərinə görə, yanğınlar çox sayda insanın ölümünə səbəb olmaqla yanaşı, böyük maddi və ekoloji zərərlərə də yol açıb.

 

Cənubi Koreya Meşə Xidməti bildirib ki, gecə ərzində yağan yağış, hava şəraitinin yaxşılaşması və temperaturun aşağı düşməsi yanğınsöndürənlərə kömək edib və yerli vaxtla saat 17:00-dan etibarən meşə yanğınları tamamilə nəzarət altına alınıb.

Xidmətin məlumatına görə, Seulun sahəsinin təxminən 80 faizinə bərabər olan 48 min hektar meşə ərazisi yanıb.

Uiseongda və Şimali Gyeongsang əyalətinin digər bölgələrində meşə yanğınlarını söndürmək üçün təxminən 5580 yanğınsöndürən, 86 helikopter və 569 yanğınsöndürən maşın cəlb edilib.

2000-ci ildə baş vermiş və həmin ilin ən böyük meşə yanğınları hesab edilən hadisədə 23 min 794 hektar ərazi külə dönüb.

 

Martın 21-də Cənubi Koreya hökuməti Ulsan şəhəri, Şimali Gyeongsang və Cənubi Gyeongsang əyalətləri də daxil olmaqla cənub-şərq bölgələrində başlayan meşə yanğınları səbəbindən milli fəlakət vəziyyəti elan edib.

Ölkə üzrə müxtəlif ərazilərdə 16 meşə yanğını baş verib, minlərlə hektar meşə sahəsi külə dönüb, minlərlə insan təxliyə edilib.

 

Prezidentin səlahiyyətlərini icra edən Han Duk-Soo dünən verdiyi açıqlamada meşə yanğınlarını "ölkənin indiyə qədər yaşadığı ən böyük fəlakətlərdən biri" adlandırıb.

Yanğınlar nəticəsində 38 minə yaxın insan evakuasiya edilib, 28 nəfər həyatını itirib, 37 nəfər yaralanıb.

 

Mənbə: Haber Global


Səyyarə Mirzəyeva