Yemə pozuntularının yaranma səbəbi nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:37 03.04.2025

Günümüzdə sağlam qidalanma və bədən görünüşü ilə bağlı təzyiqlər getdikcə artır. Bununla yanaşı, yemə pozuntuları da cəmiyyətdə getdikcə daha çox yayılır. Bu isə insanın həm fiziki, həm də psixi sağlamlığına ciddi təsir göstərə bilər.

Mövzu ilə bağlı uzman psixiatr Azər Bağırov "İnformator.az" a verdiyi açıqlamada bildirib ki, emosional vəziyyət iştahaya təsir edir:

 

“Qidalanma ilə bağlı bir çox psixoloji amillər mövcuddur. İlk sırada emosional yemək davranışı dayanır. Bu, insanların özlərini pis hiss etdikdə yeməyə daha çox meyl etməsi halıdır. Yəni insan ac olmadığı halda yalnız özünü yaxşı hiss etmək üçün qidalanır. Bundan başqa, emosional vəziyyət iştahaya da təsir edir. Bir çoxlarında bu mənfi yöndə olur. Bəzi insanlarda əsəb, təşviş və depressiya zamanı iştahın azalması və ya əksinə artması müşahidə olunur. Bəzən insanlar həyəcanlı hadisə öncəsi qusma və digər mədə-bağırsaq pozuntuları da göstərə bilər. Bundan əlavə, psixoloji səbəblərlə bağlı qıcıqlanmış bağırsaq sindromu da baş verə bilər. Bu zaman ishal, köp və s. ola bilər. Amma müayinələrdə heç bir mədə-bağırsaq problemi görünmür, yəni bu psixoloji mənşəlidir”, – deyə psixiatr bildirib.

Yemə pozuntusu olan insanlar üçün müalicə üsulları hansılardır?

"Anoreksiya nevroza və bulimia nevroza yemək davranışının pozulması ilə bağlı xəstəliklərdir. Anoreksiya nevroza insanın bədən obrazını düzgün dəyərləndirməməsi nəticəsində özünü kök hesab etməsidir. Buna görə də qida qəbulunu azaldır, həddindən artıq idman edir, ishal yaradan dərmanlardan istifadə edərək çəkiyə nəzarət etməyə çalışır. Bəzən çəki 35-38 kiloya düşür və bu, həyati təhlükə yarada bilər. Anoreksiya nevroza manken xəstəliyi olaraq da bilinir. Şəxs nə qədər kilo versə də, yenə özünü kilolu hiss edir. Məsləhət ilə yemək yeməyə başlamaqları da mümkün olmur. Hətta o dərəcəyə gəlib çatır ki, damardan qidalanmağa məcbur olurlar. Belə hallarda ailələr bu dərəcəyə çatmaması üçün psixoloqa müraciət edirlər.

 

Bulimia nevroza isə həddindən artıq qida qəbulu və ardından özünü qusdurma ilə xarakterizə olunan yemə pozuntusudur. İnsanlar mədə dolana qədər şirin və ya turş yeməklər yeyirlər. Yeməkdən sonra isə günahkarlıq hissi yaşayırlar. Bu qədər kalorinin kökəlməyə səbəb olacağını düşündükləri üçün özlərini qusdurmağa çalışırlar. Bu davranış hər yeməkdən sonra, bəzən gündə 3-4 dəfə ola bilər. Hətta elə olur ki, yeməkdən sonra avtomatik qusma refleksi formalaşır.

 

Bəzən isə insanlar heç bir aydın səbəb olmadan iştahsızlıq yaşayırlar. Bu zaman kilo almaqda və qidalanmaqda çətinlik çəkirlər. Bədənləriylə bağlı qayğıları olmur. Əksinə kilo almaq istəyirlər, amma iştahları olmur. Müalicə zamanı iştahı artıran dərmanlar təyin edilir”, – deyə psixiatr qeyd edib.

 

Səyyarə Mirzəyeva