Neqativ xəbərlərə məruz qalmaq insan psixologiyasına necə təsir edir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 09:18 04.04.2025

Xəbərlər cəmiyyətin informasiya mənbəyidir.  Texnologiyanın inkişafı nəticəsində günümüzdə xəbərlər sonsuz saya çatıb və daha əlçatan olub. Gündəlik qarşılaşdığımız xəbərlər insan psixologiyası və davranışına ciddi təsir göstərir. Uşaqdan böyüyə davranışın formalaşması və insan psixologiyasının dəyişməsində xəbərlərin rolu böyükdür. 

Bu barədə “informator.az”-a danışan Bakı Psixologiya Məktəbinin rəhbəri klinik psixoloq Xatirə Səfərova deyir ki, təkrarlanan qorxu və təhlükə mesajlarına məruz qalmaq, stress və anksiyete səviyyələrini artırır:

“Bu, beynimizin təhlükəyə qarşı həddindən artıq aktivləşməsinə səbəb olur və uzunmüddətli psixoloji təsirlər yarada bilər. Davamlı olaraq müharibələr, iqlim dəyişikliyi və sosial böhranlar haqqında xəbərlər izləmək insanlarda gələcəyə dair qorxu hissini artırır. Bu, kortizol (stress hormonu) səviyyələrini yüksəldir. İnsanlar artıq neqativ mesajlara duyarsızlaşır. Təhlükə hissi ilə dolu xəbərlər izlənildikdə, beynin limbik sistemi (xüsusən amigdala) qorxuya qarşı həddən artıq reaksiyaya girir. Nəticədə narahatlıq pozğunluqlarını və yuxusuzluğu artırır".

Psixoloqun sözlərinə görə təsiri azalmağın yolları mövcuddur:

“Xəbər izləmə müddətini gündə bir-iki dəfə və müəyyən vaxtlarla məhdudlaşdırın. Yalnız etibarlı mənbələri seçin. Müsbət xəbərləri və motivasiyaedici məqalələri izləməyə üstünlük verin. Meditasiya, nəfəs alıb-vermə texnikaları və fiziki hərəkətlər stress səviyyəsini azaltmaq üçün təsirlidir. Bəzən tamamilə xəbər mənbələrindən uzaqlaşaraq özünüzə psixoloji fasilə vermək faydalıdır. Xəbərlər, xüsusilə neqativ mövzular, insanın emosional vəziyyətinə ciddi təsir göstərə bilər. Lakin bu təsiri idarə etmək üçün balanslı yanaşma və müsbət mövzulara diqqət yetirmək çox vacibdir".


Nurcan İsmayılova