Sağlam ailəni formalaşdırmaq və qorumaq üçün nələr vacibdir?-Psixoloq AÇIQLAYIR…

Tarix: 11:39 04.04.2025
Ailə – insanın doğulduğu, böyüdüyü və aid olduğu ən kiçik, lakin ən mühüm sosial qurumdur. Bu, təkcə qan bağı ilə yox, həm də sevgi, hörmət və qarşılıqlı anlayışla birləşən insanların birliyidir. Ailə insanın ilk məktəbi, ilk sığınacağı və bütün həyat boyu mənəvi dayağıdır.
Sağlam bir ailə, sevgi və qayğının hakim olduğu bir mühit yaradır, burada hər kəs özünü dəyərli və güvəndə hiss edir.Sağlam ailə, sağlam cəmiyyət deməkdir.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova “informator.az”a açıqlamasında bildirib ki, ilk növbədə qarşılıqlı hörmət və güvən vacibdir:
“Ailə üzvləri bir-birini dinləməyi, anlamağı və fərqlilikləri qəbul etməyi bacarmalıdır. Eyni zamanda, ünsiyyətin açıq və dürüst olması ailədaxili münasibətlərin möhkəmliyini təmin edir. Hər bir fərdin fikirlərinə dəyər verilməsi, uşaqların sevgi və diqqət içində böyüməsi onların gələcəkdə özünəinamlı və psixoloji cəhətdən sağlam fərdlər olmasına zəmin yaradır.
Əxlaqi dəyərlər – dürüstlük, sədaqət, məsuliyyət və mərhəmət – ailənin təməlini təşkil edir. Bu dəyərlər ailə üzvlərinin davranışlarını tənzimləyir və aralarındakı münasibətlərin sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Əxlaqi dəyərlər olmayan bir ailədə tez-tez konfliktlər, anlaşılmazlıqlar və hətta zorakılıq halları müşahidə oluna bilər. Dəyərlərlə böyüyən uşaqlar cəmiyyətdə də bu prinsiplərlə hərəkət edir, nəticədə daha güclü və stabil bir cəmiyyət formalaşır.
Maddi çətinliklər ailələr üçün müəyyən stress mənbəyi ola bilər, lakin bu, sağlam ailə münasibətlərinin qurulmasına mütləq maneə deyil. Əsas olan ailə üzvlərinin bir-birinə dəstək olması, birlikdə çətinlikləri aşmaq üçün səy göstərməsidir. Sevgi, anlayış və qarşılıqlı hörmət varsa, maddi sıxıntılar ailənin birliyini sarsıda bilməz. Əksinə, bu çətinliklər ailə üzvləri arasında həmrəyliyi və birlik hissini gücləndirə bilər.
Unutmayaq ki, ailə hər şeyin başlanğıcıdır. Sağlam ailə – sağlam gələcək deməkdir”.
Əminə Əliyeva