“Texnoloji infrastrukturun daha da təkmilləşdirilməsi və süni intellekt əsaslı platformaların geniş tətbiqi vacibdir” -ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 16:15 04.04.2025

Müasir dövrdə texnoloji yeniliklər həyatın bütün sahələrinə olduğu kimi, mədəniyyət sektoruna da təsirsiz ötüşmür. Rəqəmsal texnologiyalar incəsənət, ədəbiyyat, musiqi və teatr kimi sahələrdə yeni imkanlar yaradaraq, həm yaradıcı prosesləri dəyişdirir, həm də tamaşaçı və istifadəçi təcrübəsini fərqli bir səviyyəyə daşıyır.


Bu barədə “informator.az”a danışan İKT üzrə ekspert Elvin Abbasov deyir ki, texnologiyanın mədəniyyət sahəsinə inteqrasiyası qlobal miqyasda geniş vüsət alıb:


“Azərbaycan da bu prosesdən nisbətən kənarda deyil. Rəqəmsallaşma, süni intellekt, virtual və artırılan reallıq kimi innovasiyalar mədəniyyətin qorunması, yayılması və əlçatanlığının artırılmasına xidmət edir.
Azərbaycanda bu istiqamətdə artıq bir sıra addımlar atılıb. Məsələn, muzeylərin və mədəni irs obyektlərinin rəqəmsallaşdırılması, virtual sərgilərin təşkili və audiobələdçi sistemlərinin tətbiqi ilə bağlı layihələr icra olunur. Eyni zamanda, elektron kitabxana və arxivlərin yaradılması, teatr və konsert biletlərinin onlayn satış platformaları kimi həllər insanların mədəniyyətə çıxışını daha da asanlaşdırır“.

Ekspertin sözlərinə görə, mədəniyyət müəssisələrinin rəqəmsal transformasiyası üçün daha böyük investisiyalar və strateji yanaşmalar tələb olunur:


“Lakin tam inteqrasiyadan danışmaq üçün bəzi çağırışlar qalmaqdadır. Cəmiyyətin texnoloji yeniliklərə adaptasiyası və rəqəmsal savadlılığın artırılması da bu prosesdə mühüm rol oynayır. Buna görə də texnologiya mədəniyyət sahəsinə tədricən inteqrasiya olunur, lakin bu prosesin daha sürətli və sistemli olması üçün dövlət-özəl tərəfdaşlığı, İKT mütəxəssisləri və mədəniyyət qurumlarının birgə əməkdaşlığı vacibdir”.



Nurcan İsmayılova