Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkar edilib

Bölmə: Sosial › ,
Tarix: 20:37 04.04.2025

Son zamanlar bəzi kərə yağı nümunələrinin müayinəsi nəticəsində tərkibində bitki sterinləri (kampesterin, stiqmasterin, beta-sitosterin), eyni zamanda normativ sənədlərə əsasən bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (sorbin və benzoy turşuları) aşkarlanıb.

 

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, satışda olan bəzi kərə yağlarının tərkibində uyğunsuzluq aşkar edilib. Bu xoşagəlməz və yolverilməz haldır:

 

“Biz istehlakçılar bu halların qarşısını hansısa bir yolla ala bilmərik, amma yağ alarkən bəzi məqamlara diqqət edərək özümüzü qoruya bilərik. Əsl kərə yağı qaynar suya salındıqda bütöv şəkildə əriyirsə, onu yeyə bilərsiniz. Kərə yağı otaq temperaturunda bir müddət sonra əriyirsə, təəssüf ki, bu, əsl kərə yağı deyil. Aldığınız kərə yağını tavaya əlavə etdikdə yüksək temperaturda əriyib köpüklənirsə, bu, əsl kərə yağıdır. Təbii, təzə süddən alınan süd yağından istehsal olunan əsl kərə yağının qiyməti yüksək olur. Kərə yağını bıçaqla kəsəndə kiçik parçalara ayrılırsa, bu da onun keyfiyyətli olduğunu göstərir. Təəssüf ki, hazırda satışda etiketində düzgün məlumatlar olmayan və qiyməti həddindən artıq baha olan yağlar var. Bu halların baş verməsinin səbəbi nəzarətin zəif olmasıdır. Hər halda, bu cür halların araşdırılıb ortaya çıxarılmasını müsbət hal kimi qiymətləndirmək olar. Sağlam seçimlər edərək sağlam qidalanın və sağlam yaşayın!”

 

Çimnaz Telmanqızı