Çox dil bilmək: üstünlükləri və çətinlikləri

Bölmə: Sosial › ,
Tarix: 20:43 04.04.2025

"Çox dil bilmək bacarıqdır və bu beyin üçün yük deyil. Çox dil bilmək Azərbaycan kimi kiçik ölkələrdə gələcək karyeranın formalaşması və inkişafında çox böyük rol oynayır”.

 

Bu sözləri filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti Elşad Abışov “İnformator.az"a açıqlamasında deyib.

Müsahib qeyd edib ki, qazanılan dil bacarığı sayəsində, əsasən də rus və ingilis dilinə çox yaxşı yiyələnməyimiz ayrı-ayrı beynəlxalq qurumlarda, şirkətlərdə işlə təmin olunmaqda, ümumiyyətlə beynəlxalq əlaqələrin qurulmasında mühüm əhəmiyyət kəsb edir:

 

“Bu iki dili bilmək əslində günümüzün tələblərindəndir. Beynin yer tutumu sonsuzdur və dil öyrənmək üçün çox kiçik bir hissəsi istifadə olunur. Bu təqdirdə çox dilə yiyələnmək beyinə heç bir zərər vermir. Eyni anda bir neçə dil öyrənməyin ana dilinə münasibətinə 2 kontekstdən yanaşmaq lazımdır. Bir vəziyyətdə ki, şəxs bağçada, orta məktəbdə başqa dildə təhsil alaraq əcnəbi dilə yiyələnir, bu zaman ana dilinə münasibət təbii ki, dəyişər”.

 

Müsahibin sözlərinə görə, ona görə ki, birmənalı qəbul olunur ki, bu tez düşünməyin məhsuludur:

 

“Yəni hansı dildə düşünürüksə, o dildə cavab veririk, danışırıq. Bu səbəbdən düşünürəm ki, azyaşlı olan dönəmdə başqa dildə təhsil almaq məqsədəuyğun deyil. Digər bir vəziyyətdə isə, şəxs yetkinlik yaşına çatandan, özünü tam dərk edəndən sonra müxtəlif kurslar və dərslərlə əcnəbi dil öyrənir, bu çox normal bir haldır, yəni, nəticədə bu yaşda əcnəbi dilə yiyələnmək ana dilinə münasibəti dəyişmir".

 

Zəhra Möhübbətova