"Psixoloji boşluq"-Hiss etməməyin səssiz yükü

Bölmə: Sosial › ,
Tarix: 20:51 04.04.2025

Bəzən insan özünü nə sevincli, nə də kədərli hiss edir – sanki bütün duyğular sönüb və içində səssiz bir boşluq qalıb. Bu halın səbəbi aydın deyil, amma təsiri realdır. Psixoloji boşluq, həyatla emosional bağın zəiflədiyi, lakin hələ də tam qırılmadığı qəribə bir vəziyyətdir.

 

Mövzu ilə bağlı psixoloq Helin Şadfar "İnformator.az"a açıqlamasında bildirib ki, psixoloji boşluq insanın daxili aləmində bir çox ehtiyacların və çatışmazlıqların siqnalı ola bilər:

 

“Məsələn, sevgi və bağlanma istəyi. Əgər uşaq vaxtı kifayət qədər sevgi, qayğı və emosional təhlükəsizlik hiss etməmişiksə, psixoloji boşluq yaranır. Özünü dəyərli hiss etmə ehtiyacı – insan daxili olaraq özünü dəyərli və qəbul olunan hiss etməyə ehtiyac duyur. Əgər ətraf mühit və yaşanan təcrübələr insanın özünü dəyərsiz hiss etməsinə səbəb olursa, psixoloji boşluq yarana bilər.

Uğursuzluq və ya həyata qarşı inam itkisi – insan davamlı olaraq uğursuzluqlarla qarşılaşırsa və ya gələcəklə bağlı marağını itirirsə, o zaman mənəvi boşluq yarana bilər.

Keçmiş travmalar və problemlər də emosional boşluq yarada bilər. Həll olunmayan sıxıntılar və basdırılan duyğular da bura aiddir".

 

Həmçinin psixoloq bildirib ki, hiss etməmək halı həm keçici bir mərhələ, həm də şəxsiyyətin dərinliklərində gizlənən bir siqnal ola bilər:

 

“Bəzən emosional tükənmə, stress və ya travmatik hadisədən sonra müvəqqəti olaraq hiss etməmək halına düşə bilərik. Beyin və psixika özünü qorumaq üçün emosiyaları "söndürə" bilər ki, insan vəziyyətin öhdəsindən gəlsin. Bu hallar adətən depressiya, ağır travmalar və ya şok kimi vəziyyətlərdə baş verir.

 

Əgər hiss etməmək halı uzunmüddətli və davamlıdırsa, bu, insanın şəxsiyyətinin dərin qatlarında saxlanılan emosional blokajların və həll olunmayan problemlərin əlaməti kimi qiymətləndirilə bilər.

Yaranma səbəbləri:

 

1. Özünü qoruma mexanizmi kimi duyğuların kəsilməsi – duyğuların çox ağrılı olması səbəbindən insan onları hiss etməmək strategiyasını seçə bilər.

 

2. Münasibət problemləri və bağlanma travmaları – yaxın münasibətlərdə özünü etibarsız və ya yaralanmış hiss edən insan emosional əlaqəni kəsə bilər.

 

Qısamüddətli hiss etməmək normal bir müdafiə mexanizmi ola bilər, lakin bu vəziyyət uzunmüddətli davam edirsə, insanın öz daxili aləminə daha dərindən baxması lazımdır. Hisslərin yoxluğu hər zaman onların olmaması demək deyil – bəzən onlar sadəcə basdırılıb və onları yenidən üzə çıxarmaq üçün doğru şəraitə və vaxta ehtiyac var".

 

Nigar Həsənzadə