Empatiya yoxsa qurban rolu? -Psixoloq münasibətlərdəki təhlükəni izah edir

Tarix: 21:50 04.04.2025
Empatiya duyğusu insan dünyaya gəldiyi andan etibarən ananın balasına bəslədiyi münasibət kimidir. Simpatiya duyğusu isə qarşı tərəfə rəğbət bəsləmək, onun gözəlliyindən, hərəkətindən zövq almaq deməkdir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında psixoloq Aynur İsmayılova bildirib. Onun sözlərinə görə, bu duyğular bəzən bir-biri ilə qarışıq salınır:
“Biz bəzən bu duyğuları qarışdırırıq. Şəxsi münasibətlərdə empatiya qabiliyyətini gücləndirmək üçün münasibətin uzun müddətli olması və qarşı tərəflərin bir-birini başa düşərək hərəkət etməsi məqsədəuyğundur. Empatiya rolunun normadan çox olması, qarşı tərəfin hər səhvinin bağışlanması və bu səhvlərin görməzdən gəlinməsi empatiya əlaməti kimi yox, qurban rolunun ifası kimi başa düşülür”.
Psixoloq qeyd edir ki, qurban rolunda olan şəxs xəyanətlə daha tez üzləşəcək:
“Empatiya hissi balanslı şəkildə olmalı və müəyyən çərçivə əsasında qurulmalıdır”.
Psixoloq sonda əlavə edir ki;
“Hər bir insan öz dəyərini yüksək tutmalı və eyni zamanda qarşı tərəflə münasibətdə olduqda qarşı tərəfin fikirləri nəzərə alınsa da hədd aşılmamalı və özünü qurban mövqeyində aparmamalıdır”, - deyə o, yekunlaşdırıb.
Aytac Bakıxanova