Şəhər həyatının stresi və mental sağlamlıq

Tarix: 19:58 04.04.2025
Şəhər həyatı sürətlidir. İnsanlar daim hərəkətdə olurlar. Bununla da sıxlıq və izdiham artır. Bəs şəhər həyatının sürəti və gərginliyi insan psixologiyasına necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Aynur İsmayılova "Informator.az"a bildirib ki, digər əyalətlərə, regionlara, kənd və rayonlara nisbətən şəhərdə iş tələbatının çox olması insanları şəhərə cəlb edir:
"Lakin eyni zamanda ciddi iş rejimi, vaxt məhdudiyyətləri və intensiv iş qrafiki insanların stres yaşamasına səbəb olur. Bu stres hər kəsə fərqli təsir edir: bəzi insanlar buna uyğunlaşsa da, bəziləri üçün stres ağır psixoloji yüklənmə yaradır. Uzunmüddətli stres müxtəlif psixi və fiziki sağlamlıq problemlərinə səbəb ola bilər. Şəhər həyatında stres faktoru yüksəkdir və əgər insanlar işlə yanaşı, istirahətə də vaxt ayırmazlarsa, bu, tükənmişlik sindromuna, depressiyaya və digər psixoloji problemlərə gətirib çıxara bilər".
Ekspertin sözlərinə görə, kənd və rayon yerlərində bu stres faktoru daha aşağıdır:
"Kəndlərdə və rayonlarda saat məhdudiyyəti əsasən məktəblər, idarələr və xəstəxanalar kimi rəsmi qurumlarla məhdudlaşır. Günlük iş rejimi daha sərbəstdir və insanların stres yükü daha az olur".
Psixoloq vurğulayır ki, tükənmişlik sindromundan və depressiyadan qorunmaq üçün istirahət və iş balansını qorumaq vacibdir:
"Əgər insanlar iş rejimlərini düzgün tənzimləyib, istirahətlərinə də vaxt ayırarlarsa, stres və depressiya riski minimuma enər".
Türkan Kərimli