"Ruhundaki Kadının Sesi Ol"

Bölmə: Sosial › ,
Tarix: 11:34 06.04.2025

 

Bu gün Bakıda "Ruhundakı Kadının Sesi Ol" adlı ilhamverici təlim-seminarı baş tutub. Seminar qadınların daxili gücünü, hisslərini, arzularını və ifadə azadlığını ön plana çıxarmaq məqsədilə keçirilib. Xüsusi təlimdə qadınların özlərini kəşf etməsi, güclənməsi və ruhlarına yaxınlaşması haqqında məlumatlar verilib.

 

Layihə rəhbəri, təlimçi və ailə psixoloqu Nabat Mirzəyevanın rəhbərliyi altında keçirilib. Təlimə başlamazdan əvvəl Azərbaycan dövlət himni səsləndirilib. Seminarda ilk çıxışı Türkiyəli tanınmış təlimçi və yazar Saba Deniz Uzun edib. O, öz nitqində qadın ruhunun incəliklərinə toxunub. Saba Deniz Uzun nitqində bədənimizin və ruhumuzun önəmindən bəhs edib: "Bədəniniz sizindir və sağlamlığınız bədəninizə qulluq etməklə başlayır" ,- o qeyd edib.

 

Ailə psixoloqu Nabat Mirzəyeva seminarda öz nitqi ilə çıxış edib və seminar iştirakçılarına sertifikatlar təqdim edib. Daha sonra isə səhnədə Türkiyəli əlaqə kouçu və danışmanı Asil Moray, həmçinin ICF kouçu və təlimçi Əsmər Ramizqızı öz çıxışlarını ediblər. Onlar qadın ruhu haqqında maraqlı məlumatlar veriblər.  

 

Qadının ruhu – gözlə görünməyən, amma varlığı dərindən hiss edilən bir qüvvədir. O, nəinki zərifliyi ilə seçilir, həm də bu zərifliyin içində tükənməz bir güc daşıyır. Qadın ruhunun incəliyi onun sükutundadır, baxışındadır, susaraq anlatdıqlarındadır. Hər bir qadın "Ruhundakı qadının səsi olmalı" və öz ruhundakı qadının səsini dinləməyi unutmamalıdır.

 

Məryəm Zaliyeva