Ramazandan sonra mədə problemi ilə üzləşənlər-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 13:28 06.04.2025

Ramazan ayı başa çatdı. Oruc tutan müsəlmanlar bir aydan sonra sonra yenidən adi həyat tərzinə qayıdırlar. Bir ay boyunca səhər və axşam olmaqla iki dəfə qidalanır, gün ərzində su və yemək qəbul etmirlər. Bu günlərdə orucluqdan adi qidalanmaya keçid dövründə bəzi çətinliklər meydana gəlir. Ən çox müşahidə olunan hallar mədə-bağırsaq pozuntularıdır. Bu problemlər qidalanmasına diqqət etməyən şəxslərdə daha çox müşayiət olunur.

Dietoloq-terapevt Ləman Süleymanova “İnformator.az”a düzgün və yanlış tutulan orucdan danışıb:

“İnsan orqanizmi elədir ki, rejimlə qidalanmağı, saatı çox sevir. Vaxtlı-vaxtında qida qəbulu insan orqanizminin maddələr mübadiləsinin sürətlənməsinə təkan verir. Ramazan ayında iki kateqoriya insan var: biri düzgün oruc tutanlar, digəri sadəcə orqanizmlərini yükləyənlərdir. Yalançı oruc tutanlar orqanizmlərini boş-boşuna yükləyən insanlardır. Onlarda oruc tutmaq ümumiyyətlə alınmır. İmsaka durmurlar, səhər yemirlər. Tibbi nöqteyi-nəzərdən imsaka durmaq lazımdır. Çünki insanı gündəlik enerji ilə təmin edir. İnsanın susuzluğa davamiyyəti olmadığına görə, su və qida balansı tənzimlənir. Amma elə insan var ki, imsaka durmur, günorta bütün günü yatır, axşam durur və səhərə qədər yeyir. Belə insanlar təbii ki, adi rejimə keçəndə onlarda çox böyük diskomfort, baş ağrıları, ürək bulanmaları, təzyiqin və şəkərin yüksəlməsi, mədə-bağırsaq problemi olacaq”.

Mütəxəssis bu kimi problemlərlə üzləşməmək üçün, iftarda yarım porsiya sulu və quru yeməyin kifayət etdiyini bildirib:


“Adi vaxtda normal qidalanan, səhər, günorta, axşam yeməyi vaxtlı-vaxtında olan insanlar rahat bir şəkildə orucluğu keçirirlər. Orucluqda da təbii ki, səhər imsaka durur, gün ərzində fiziki aktiv olur. Axşam süfrə arxasında əyləşəndə, bəzən olur ki, masaya yeməkləri doldururlar. Əslində bu dini nöqteyi-nəzərdən də düzgün deyil. Allah təala görün nə gözəl deyir. Bir az su içirsən, mədə qidaya hazırlaşır, sonra xurma və başlayırsan yarım porsiya sulu yemək və quru yemək yeməyə. İnsan bununla kifayətlənməlidir. Həmçinin səhərə qədər də yüngül fiziki aktivlik, təmiz su, detoks suyu, təmiz yaşıl çay mühümdür. Təbii ki, yeməkdən sonra bitki çayı qəbul etmək məsləhətdir. Çox təəssüflər olsun ki, düzgün oruc tutmayanlar, adi rejimə qayıdanda onlarda daha böyük diskomfort olur. Çünki gün ərzində insan ac qalır və axşam yeməyi yüklənir, ghrelin hormonu aktivləşir. Təzədən adi rejimə keçəndə də axşam yeməyinə tələbat davam edə bilər. Axı yeməyi axşam yeyirdi. Bu da çəki artımına gətirib çıxarır”.

Rafiq Yusifov