Epilepsiya xəstəliyi

Bölmə: Sosial › ,
Tarix: 15:05 06.04.2025

Epilepsiya beyindəki anormal elektrik boşalmalarından qaynaqlanan, təkrarlanan qıcolmalarla müşahidə olunan nevroloji xəstəlikdir.

 

Mövzu ilə bağlı nevroloq Rəna Abbasova "İnformator az"a bildirib ki, epilepsiyanının bütün formalarında beyindəki biokimyəvi aktivliklərin dəyişiklikləri xarakterik olur ki, bu da müəyyən qıcolmalar şəklində özünü göstərir:

 

"Epilepsiyanın səbəblərinə doğuş zamanı travmalar, beyin hissələrinin, xüsusi ilə gicgah bölməsinin sıxılması, kəllə beyin travmaları, irsi faktorlar aiddir. Amma idiopatik qıcolmalar var ki, onların yaranmasında heç bir səbəb olmur. Xəstədə travma, damar patoliyası olmamasına baxmayaraq, qıcolmalar olur. Əlbəttə, burada yüksək irsi meyilliyi də qeyd etməliyik. Tutmalar tez-tez təkrarlandıqda xəstənin həyat keyfiyyətini aşağı salır. Bir-birinin ardınca təkrarlanan tutmalar hətta ölümə belə gətirib çıxara bilər. Əgər xəstə vaxtında müalicə olunmazsa bu gündəlik həyatında hər hansı bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər. Əgər bu xəstəlik uşaqlarda olarsa, ilk olaraq valideyn maarifləndirilməlidir və uşaq özü də xəstəliyi haqqında məlumatlı olmalıdır. Dərmanlarını vaxtında qəbul etməlidir və nəzarət altında olmalıdır. Əgər epilepsiya xəstəsi bayılarsa onu sol böyrü üstə uzatmaq və hava axınının qarşısını almamaq lazımdır. Xəstəliyin profilaktikası yalnız dərman qəbuludur".


Fatimə Heydərova