Saxarinlə superbakteriyalara qarşı effektiv müdafiə

Tarix: 17:24 06.04.2025
Saxarin xüsusi antimikrob keyfiyyətlərə malikdir. O, təkcə bakteriyaların hüceyrə divarlarını dağıtmır, həm də onların müdafiə mexanizmlərini zəiflədərək patogenləri antibiotiklərin təsirinə qarşı həssas edir.
Bu məsələ ilə bağlı "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov "İnformator.az"a açıqlamasında bildirib ki, saxarin bəzi antibiotiklərə davamlı bakteriyalara qarşı təsir göstərə bilir:
"Son illərdə aparılan bəzi elmi tədqiqatlar göstərib ki, saxarinin təkcə şirinləşdirici kimi deyil, antimikrob xüsusiyyətləri də ola bilər. Saxarin bəzi antibiotiklərə davamlı bakteriyalara qarşı təsir göstərə bilir. Xüsusilə MRSA (Meticillin-resistant Staphylococcus aureus) kimi superbakteriyalar üzərində müəyyən yoxedicilik qabiliyyətləri müşahidə olunub. Bunun səbəbi saxarinin bəzi bakteriyaların mühüm ferment sistemlərini bloklaması ola bilər.
Amma ehtiyatlı olmaq vacibdir: bu araşdırmaların əksəriyyəti laboratoriya şəraitində (in vitro) aparılıb və insan orqanizmində praktik təsiri tam sübut olunmayıb. Saxarinin bakteriyaları öldürməsi, onun dərman kimi istifadə oluna biləcəyi anlamına gəlmir. Bunun üçün geniş və uzunmüddətli klinik sınaqlar lazımdır. Bundan əlavə, bağırsaq mikroflorasına təsiri ilə bağlı da narahatlıqlar var. Faydalı bakteriyalara da mənfi təsir edə bilər.
Saxarin haqqında belə bir xüsusiyyətin kəşf edilməsi tibbi və farmakoloji baxımdan çox perspektivlidir. Çünki antibiotiklərə davamlı bakteriyalar bu gün dünya üzrə ciddi təhlükə hesab olunur. Amma hazırda bu xüsusiyyət hələ tibbi praktikaya keçməyib.
Hidrogel sarğıların üstünlükləri
Saxarinin bəzi antibiotiklərə davamlı bakteriyaları (məsələn, MRSA) məhv edə bilmə qabiliyyəti onu yara sarğılarında effektiv edir.
Bu o deməkdir ki, hidrogel infeksiyaların qarşısını almaqda təsirli olur, xüsusilə də xəstəxana mühitində yaranın mikroblarla çirklənmə riskini azaldır.
Rütubət balansını qoruyur
Hidrogel sarğılar yaranı nəmləndirir, bu da toxuma regenerasiyasını sürətləndirir.
Həddindən artıq quruma və ya ifrazat yığılması riskini azaldır".
Müsahibimizin sözlərinə görə, saxardən əldə olunan sarğılar zəhərli deyil və biouyğundur:
"Saxarindən əldə olunan bu sarğılar zəhərli deyil, yəni hüceyrələrə zərər vermir.
Bədəndə yaxşı qəbul olunur, allergik və ya toksik reaksiya riski aşağıdır.
Ağrını azaldır və komfortludur
Hidrogel material yumşaq və elastikdir, dəridə komfortlu hiss yaradır.
Sarğının dəyişdirilməsi zamanı yaranın travması az olur və ağrı hissi azalır.
Dərman daşıyıcısı kimi istifadə oluna bilər
Hidrogelin içində antibiotiklər, antiiltihab preparatlar və ya bərpaedici maddələr daşımaq mümkündür.
Beləliklə, lokal və tədricən buraxılan müalicə təmin edilir.
Saxarin tərkibli hidrogel sarğılar gələcəyin yara baxımı texnologiyaları arasında çox ümidverici sayılır. Xroniki diabetik yaralar üçün effektiv alternativ ola bilər".
Məhərrəmli Xədicə