“Bağça müəllimləri körpələr arasında dostluq , paylaşma bacarıqlarını inkişaf etdirməlidirlər”-ŞƏRH

Tarix: 22:39 06.04.2025
Məktəbəqədər təhsil uşağların həyatında məktəbə qədərki dönəmə hazırlıq prossesidir. Bu dönəmdə uşağların şəxsiyyəti formalaşır, onlar təkcə bilik və bacarıq əldə etmirlər, eyni zamanda əxlaqi dəyərlər, sosial davranışlar və emosional tənzimləmə kimi mühüm həyat bacarıqlarını mənimsəyirlər. Bu mühüm prossesdə bağça müəllimlərinin rolu əvəzsizdir. Onlar sadəcə tədris edən deyil, eyni zamanda uşaqlara yön verən, sevgi və qayğı ilə yanaşan, onların inkişafını hərtərəfli dəstəkləyən peşəkərlardır.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu, “informator.az”a açıqlamasında bildirib ki, məktəbəqədər təhsilə uzun müddət qeyri-ciddi yanaşılıb:
“Lakin bu, səhv düşüncə olub. Ona görə də əvvəllər yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan bu təhsil müəssisələrinə hər yoldan keçəni tərbiyəçi-müəllim kimi işə alıblar. Bağça təhsili təməldir, başlanğıcdır. Həssas bir dönəmdə bu müəssisələrə diqqət daha da artırılmalıdır, yanaşmalar, metodlar müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
Tərbiyəçi-müəllimlər körpələr arasında dostluq, əməkdaşlıq və paylaşma kimi həyati bacarıqları inkişaf etdirməlidirlər. Bu bacarıqlar uşaqların gələcək inkişafı üçün çox önəmlidir. Tərbiyəçilər uşaqlara nümunə göstərərək sosial bacarıqları öyrədə bilərlər. Bu nümunənin ən yaxşısı müəllimlərin özləridir. Uşaqlar onların hərəkətlərini, davranışlarını təlqin etməyə meyillidirlər. Buna görə də müəllimlər empatiya göstərmək, qarşılıqlı hörmət və anlayış nümayiş etdirmək kimi davranışlar sərgiləməlidirlər. Uşaqlara başqalarının hisslərini anlamaları və onlara empatiya göstərmələri üçün fəaliyyətlər təşkil etmək faydalıdır. Müəllimlər dostluq və əməkdaşlıqla bağlı hekayələr oxumaq və ya müvafiq nağıllar danışmaqla, uşaqlara bu sosial bacarıqları öyrədə bilərlər. Hekayələr uşaqların empati və başqalarının hisslərinə hörmət etməyi öyrənmələrinə kömək edir”.
Ekspertin sözlərinə görə, müəllimlərə uşaqlara paylaşma bacarığını inkişaf etdirmək üçün uşaqlara müxtəlif paylaşma imkanları təqdim etməlidir:
“Müəllimlər uşaqlara bir-biriləri ilə oyuncaq və resursları paylaşmağı təşviq etməlidirlər. Uşaqlar arasında yaranan kiçik münaqişələri düzgün şəkildə həll etmək üçün müəllimlər uşaqlara problemin hər iki tərəfini anlamağa, fikir mübadiləsi aparmağa və ortaq həll yolları tapmağa kömək etməlidirlər. Bu prosesdə uşaqlar həm özlərini ifadə etməyi, həm də başqalarının fikirlərinə hörmətlə yanaşmağı öyrənirlər. Qrup oyunları və fəaliyyətləri təşkil etmək uşaqların əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu tip fəaliyyətlərdə uşaqlar bir-biriləri ilə işləməli, birgə qərar verməli və ortaq məqsədə doğru hərəkət etməlidirlər. Məsələn, qrupda baş verən kiçik problemləri həll etmək, oyun qaydalarını yaratmaq və ya birlikdə yaradıcı fəaliyyətlərdə iştirak etmək kimi. Uşaqların bir-birini qəbul etmələri və fərqli xüsusiyyətləri olan insanlarla münasibət qurmağı öyrənmələri də çox vacibdir. Müəllimlər, uşaqlara müxtəlif mədəniyyətlər, həyat tərzləri və bacarıqlar barədə məlumat verərək, müxtəlifliyi qəbullanmağı və hörmətlə yanaşmağı təşviq etməlidirlər. Körpələr sosial bacarıqlarını nümayiş etdirdikdə, tərbiyəçilər onları təqdir etməli və müsbət davranışların faydalarını izah etməlidirlər.
Bu yanaşmalar uşaqlarda sosial bacarıqları inkişaf etdirməyə kömək edir və onların gələcəkdə sağlam və güvənli münasibətlər qurmasına zəmin yaradır".
Rizvan Fikrətoğlu qeyd edib ki, bağça müəllimləri uşaqların inkişafını və rifahını dəstəkləmək naminə valideynlərlə açıq və davamlı ünsiyyət qurmalıdırlar:
“Müəllimlər valideynə uşağın gündəlik fəaliyyəti, inkişafı, davranışları kimi vacib məsələlər barəsində məlumat verməlidir.
Tərbiyəçi-müəllim müşahidələrinin nəticəsi kimi, uşağın hansısa sahədə zəif tərəfinin inkişafında valideynləri aktiv iştirak etməyə təşviq etməlidir. Müəllimlər valideynlərə uşaqların inkişafını izləmək və dəstəkləmək üçün evdə edə biləcəkləri fəaliyyətlər barədə tövsiyələr verə bilərlər. Həmçinin uşaqların davranışlarına və emosional vəziyyətinə dair valideynlərin fikirlərini dinləmək, qarşılıqlı fikir mübadiləsi aparmaq əhəmiyyətlidir. Valideynlərlə əlaqənin gücləndirilməsi və uşaqların sosial və emosional inkişafının təşviq edilməsi üçün müxtəlif tədbirlər təşkil etmək faydalıdır. Bağçada valideynlərin iştirakı ilə təşkil olunan şənliklər, seminarlar və ya təhsil tədbirləri uşaqların təcrübələrini zənginləşdirə və valideynləri uşaqlarının inkişafı ilə daha yaxından tanış edə bilər”.
Əminə Əliyeva