Müstəqil Azərbaycanın xilaskarı və qurucusu

Tarix: 09:07 07.04.2025
Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə həkk olunub. Ölkəmizin inkişafının şanlı, o cümlədən müstəqillik dövrünün ilk şərəfli səhifələri məhz Ulu Öndərin müəllifliyi ilə yazılıb. Xalqımızın qəlbində özünə taxt qurmuş bu dahi şəxsiyyət çalışdığı bütün vəzifələrdə, fəaliyyətinin bütün mərhələlərində vətəninə, xalqına layiqincə, böyük məhəbbətlə xidmət edib, milli dəyərlərimizə hər zaman bağlı olub. Bu mənada xalqımızın malik olduğu ali keyfiyyətlər Heydər Əliyev dühasının kamil şəxsiyyətində öz təcəssümünü tapıb.
Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalqın Ümummilli Liderinə çevrilməsini şərtləndirən əsas keyfiyyətlər onun çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi situasiyalarda milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsidir. Heydər Əliyevin tarixi xidmətlərindən söz açandan ilk olaraq onun 52 il əvvəl Azərbaycanda başlatdığı inkişaf prosesləri yada düşür. 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin elə ilk günlərdən respublikanın və xalqın inkişafı istiqamətində fəaliyyətinin, atacağı addımların cizgiləri, istiqamətləri məlum idi. Bütün sahələrdə neqativ hallara son qoyulması, respublikanın iqtisadi potensialının hərəkətə gətirilməsi, səriştəli kadrların irəli çəkilməsi kimi vəzifələri müəyyən edən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilk vaxtlardan Azərbaycanda böyük iqtisadi inkişafa yol açdı. Bu mənada 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi.
Gəlişinlə qurulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızda böyük bir ümid yaratdı.
Həmin çətin, ağır, böhranlı günlərdə xalqımız çox düzgün qərar qəbul edərək yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Heydər Əliyevə güvəndi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın hələ kövrək olan müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən amil oldu.
Sən oldun dar gündə köməyə yetən, Ulu bir sərkərdə, ulu bir öndər.
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev oldu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın
mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Zəhmətiylə dirçəltdi öz yurdunu, Gücləndirdi yenilməyən ordunu.
1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin hazırki inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasınıdövlətin ali məqsədi kimi ön plana çıxardı.
Bu idi məqsədi vətən ucalsın, Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu və məqsədi – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunması idi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu –Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini dahi siyasətçi İlham Əliyev məhz Ümummilli Lider Heydər Əliyevin ona miras qoyduğu müdrik və uzaqgörən siyasəti nəticəsində uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi.
Heydər Əliyev qürur hissi ilə deyərdi:"Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var.
Adın sənin yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən.
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.
Röyal Əmrahov