Şəkər xəstəliyinin yaranma səbəbləri və qarşısının alınması yolları...-AÇIQLAMA

Tarix: 09:43 07.04.2025
Şəkər xəstəliyi günümüzdə ən çox yayılmış xəstəliklərdən biridir və təəssüf ki, getdikcə gəncləşməkdədir. Hətta uşaqlar arasında da sürətlə yayılmağa davam edir. Hər ayın statistik göstəricilərinə baxıldıqda, əvvəlki aylara nisbətən artım müşahidə olunur. Bu da onun genetik faktoru ilə yanaşı, digər səbəblərin də mövcud olduğunu göstərir.
Bununla bağlı həkim-terapevt Gülmalıyeva Aybəniz "İnformator.az"a açıqlama verib. Onun sözlərinə görə, xəstəliyin bu qədər geniş yayılması sübut edir ki, şəkər xəstəliyinin tək səbəbi genetika deyil. Əsas nəticəyə görə, bu xəstəliyin yaranması qidalanma ilə də sıx bağlıdır:
"Ümumilikdə, şəkər xəstəliyi iki formada olur: Tip 1 şəkərli diabet, Tip 2 şəkərli diabet.
Tip 1 şəkərli diabet adətən uşaq və gənc yaşlarda ortaya çıxır və tam insulindən asılı şəkər xəstəliyidir. Bu zaman mədəaltı vəzi tamamilə insulin ifrazını dayandırır və xəstə kənardan insulin qəbul etməyə məcbur qalır. Uşaqlarda bu xəstəlik çox ağır keçir. Tip 2 şəkərli diabet isə əsasən yetkin yaşlarda rast gəlinir və burada əsas problem bədənin insulinə cavab verən reseptorlarının funksiyasının pozulmasıdır. Yəni bədən insulin ifraz etsə də, reseptorlar onu tanımır və şəkər toxumalara daxil ola bilmir. Nəticədə, şəkər qanda toplanaraq qalır. Tip 2 şəkərli diabetin əsas səbəblərindən biri piylənmədir. Piylənmə reseptorların fəaliyyətini zəiflədir, onları “kirəcləşdirir” və insulinə qarşı həssaslıq azalır. Bu səbəbdən tip 2 diabetin müalicəsi daha geniş və fərdiləşdirilmiş şəkildə aparılır – xəstənin bədən çəkisi, qidalanma rejimi və həyat tərzinə uyğun olaraq dərmanlar seçilir".
Həkim əlavə edib ki, həm tip 1, həm də tip 2 xəstələr üçün ən vacib tövsiyə pəhrizdir:
"Tip 1 xəstələr insulinlə şəkər səviyyəsini tənzimləyirlər, tip 2 xəstələrdə isə düzgün pəhriz və fiziki aktivlik əsas rolu oynayır. Bu xəstələrə aktiv həyat tərzi – xüsusilə gəzinti və hərəkətlilik – tövsiyə olunur. Bu, qan dövranını yaxşılaşdırır və damarların zədələnməsinin qarşısını alır. Çünki şəkər xəstəliyi damarları və sinir uclarını zədələyə bilir. Ən çox zədələnən orqanlar arasında ürək, qaraciyər, böyrəklər və sinir sistemi yer alır. Bu səbəbdən artıq şəkər xəstəliyini təkcə qanda şəkər səviyyəsinin yüksəkliyi kimi deyil, bütün orqanizmi təsir edən sistem xəstəliyi kimi qəbul edirik. Şəkərli diabetli xəstələrdə infarktlar çox zaman səssiz keçir. Çünki zamanla bu xəstələr ağrını hiss etmə qabiliyyətini itirirlər və infarkt keçirdiklərini belə hiss etmirlər".
Aybəniz Gülmalıyeva qeyd edib ki, təəssüf ki, hazırda şəkər xəstəliyinin tam müalicəsi mövcud deyil:
"Çünki mədəaltı vəzin insulin ifraz edən toxumalarının köçürülməsi (transplantasiyası) hələ ki, nəzəri səviyyədədir və praktik olaraq həyata keçirilə bilməyib. Mədəaltı vəzi çox həssas və mürəkkəb orqandır, ona toxunmaq belə onu tam zədələyə bilər. Hazırda bəzi cərrahi üsullar – məsələn, mədə kiçiltmə və ya bağırsağın qlükozanın çox sorulduğu hissəsinin kəsilib götürülməsi – tətbiq olunsa da, bu metodlar da şəkər xəstəliyini tam müalicə etmir. Çünki tip 2 diabet bədəndə reseptor səviyyəsində bir problemdir və bütün bədəndəki reseptorları dəyişdirmək isə bu gün üçün mümkün deyil. Şəkər xəstəliyi ilə düzgün “yoldaşlıq” etmək mümkündür. Əgər xəstə pəhrizə riayət edər, fiziki aktivliyə davam edər və mütəmadi həkim nəzarətində olarsa, bu xəstəlik həyat keyfiyyətini çox da pozmadan idarə oluna bilər. Lakin əgər xəstə bu şərtlərə əməl etməzsə, xəstəlik ağırlaşmalarla özünü göstərməyə başlayacaq".
Məsumə Məmmədli
ABŞ-nin tarifləri Asiyada azalmaya səbəb olduğu üçün Avropa səhmləri açıq şəkildə ucuzlaşır
Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur