Çin Suriyada hansı strategiyanı həyata keçirir?

Tarix: 12:29 07.04.2025
Suriyada hakimiyyət dəyişikliyindən təxminən üç ay sonra Pekin administrasiyası ölkənin yeni rəhbərliyi ilə ilk rəsmi əlaqəni qurub. Uzun müddətlik sükutdan sonra Çinin Dəməşqdəki səfiri prezident sarayında Suriya prezidenti (Amed Şara) və digər yüksək rütbəli rəsmilərlə görüş keçirib.
Bu ilk addıma baxmayaraq, tərəflər arasında konkret olaraq hansı məsələlərin müzakirə edildiyi barədə ictimaiyyətə məlumat verilməyib. Bu səbəbdən Çin-Suriya münasibətlərinin gələcək istiqaməti hələ də qeyri-müəyyən olaraq qalır.
Yeni Suriya rəhbərliyi 10 ildən artıq davam edən vətəndaş müharibəsinin dağıdıcı təsirlərini aradan qaldırmaq və ölkəni yenidən qurmaq kimi ciddi problemlərlə qarşı-qarşıyadır. Bu problemlər arasında ən mürəkkəblərindən biri də xarici güclərlə münasibətlərin düzgün idarə olunmasıdır. Həmin güclərin bir qismi, həm Suriya dövlətinə, həm də yeni rəhbərliyin keçmişdə əlaqədə olduğu silahlı qruplara qarşı tətbiq olunan milli və beynəlxalq embarqolar vasitəsilə ölkəyə təzyiq göstərməyə davam edir.
Yeni administrasiyadakı bəzi keçmiş üsyançılar Çinin Bəşər Əsəd rejiminə verdiyi diplomatik dəstəyi unutmayıb. Bu səbəbdən Çinlə münasibətlərdə hələ ki, genişmiqyaslı xoşməramlılıq müşahidə olunmur. Lakin buna baxmayaraq, Çinin Suriyadakı iqtisadi varlığının – xüsusilə İdlib bölgəsindəki əvvəlki təcrübələrinə əsasən – yaxın gələcəkdə daha da dərinləşəcəyi ehtimal olunur.
Əsədin hakimiyyətdə olduğu dövrlərdə Çin İdlibdəki üsyançı qrupların nəzarətini rəsmi olaraq tanımasa da, bölgədəki yüksək tələbat Çin istehsalçılarının, xüsusilə özəl şirkətlərin ucuz məhsullar təqdim etməsi üçün fürsət yaradıb. Bu iqtisadi fəaliyyət Pekin ilə bölgədəki güc mərkəzləri arasında rəsmi diplomatik əlaqə olmasa belə, davam edib.
Hazırda da İdlibdəki suriyalı tacirlər, maliyyə baxımından sıxıntı yaşayan bölgədə ucuz mal mənbəyi kimi Çinə üz tuturlar. Bu vəziyyət Çin-Suriya münasibətlərinin gələcəkdə daha çox iqtisadi təməl üzərində formalaşa biləcəyinə işarədir.
Mənbə: BBC
Səyyarə Mirzəyeva
ABŞ-nin tarifləri Asiyada azalmaya səbəb olduğu üçün Avropa səhmləri açıq şəkildə ucuzlaşır
Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur