Savant sindromu nədir?

Bölmə: Sosial › ,
Tarix: 18:43 07.04.2025

Bəzən intellektual və sosial çətinliklər yaşayan insanların müəyyən sahələrdə qeyri-adi istedadları olur. Bu nadir vəziyyət savant sindromu adlanır.

 

Mövzu ilə bağlı psixoloq Sevinc Savadlı “İnformator.az”a açıqlamasında bildirib ki, savant sindromu olan insanlar bəzi sahələrdə yüksək zəka nümayiş etdirə bilirlər:

 

“Savant sindromu elə bir vəziyyətdir ki, burada çox maraqlı və qeyri-adi hallar müşahidə olunur. Bu sindroma sahib insanlar həm doğuşdan bu şəkildə dünyaya gələ, həm də sonradan müəyyən beyin travmaları və ya xəstəliklər nəticəsində bu xüsusiyyətləri qazana bilərlər. Savant sindromu olan insanlar musiqi, incəsənət, riyaziyyat və heykəltəraşlıq kimi sahələrdə son dərəcə bacarıqlı olurlar. Məsələn, bəzi hallarda mürəkkəb riyazi hesablamaları asanlıqla yerinə yetirə bilirlər. Bu kimi bacarıqlar həmin şəxslərdə tez-tez müşahidə olunur".

 

Savant sindromunu autizmdən necə fərqləndirmək olar?

 

“Autizm isə bir qədər fərqli vəziyyətdir. Onun yüngül, orta və ağır olmaqla müxtəlif formaları mövcuddur. Savant sindromunda isə belə kateqoriyalar yoxdur – savant sadəcə savantdır. Autizmli uşaqlar bəzən rəngarəng qidalara üstünlük verirlər, onları dəfələrlə çağırsaq belə, baxmaya bilərlər. Halbuki eşidirlər, sadəcə reaksiya verməzlər. Onlar həddən artıq emosional ola bilirlər. Autizm sonradan yaranan vəziyyət deyil, bu insanlar autizmli olaraq doğulurlar. Savant sindromu isə həm doğuşdan, həm də sonradan meydana çıxa bilər",– deyə psixoloq qeyd edib.

 

Səyyarə Mirzəyeva