Parkinson xəstəliyi

Bölmə: Sosial › ,
Tarix: 20:19 07.04.2025

Parkinson xəstəliyi sinir sisteminə təsir edən və zamanla irəliləyən xroniki bir nevroloji pozğunluqdur. Bu xəstəlik əsasən hərəkətlərin tənzimlənməsində çətinliklərə səbəb olur və insanın gündəlik həyatına mənfi təsir göstərir.



Mövzu ilə bağlı nevroloq Elçin Rəhimli "informator.az"a bildirib ki, parkinson xəstəliyi, əsasən yaşlı insanlarda rast gəlinən, proqressiv neyrodegenerativ bir pozuntudur:

 

"Xəstəlik beyində dopamin istehsal edən neyronların (əsasən substantia nigra bölgəsində) tədricən məhv olması ilə xarakterizə olunur. Dopamin çatışmazlığı hərəkətlərin tənzimlənməsində ciddi pozuntulara səbəb olur.
Xəstəliyin etiologiyası polietiolijidir yəni çoxfaktorludur və xəstəliyi aşağıdakı səbəblər önə çıxara bilir.

 

1.Neyrodegenerasiya-Substanta nigradakı dopaminergik neyronların itməsi motor simptomların əsas səbəbidir. Bu bölgənin əsas vəzifəsi hərəkətləri idarə etməkdir. Substantia nigra, dopamin adlı bir maddə istehsal edir. Dopamin sinir hüceyrələri arasında əlaqəni qurmağa kömək edən "kimyəvi xəbərçidir" və beynimizin hərəkətləri düzgün və axıcı şəkildə idarə etməsinə kömək edir. Parkinson xəstəliyində məhz bu qara maddədəki hüceyrələr tədricən məhv olur, nəticədə dopamin azalır və insanın əllərində titrəmə, hərəkətlərin yavaşlaması, bədən sərtliyi kimi simptomlar yaranır.

 

2.Alfa-sinuklein yığılması: Lewy cisimcikləri adı verilən patoloji daxilolmalar hüceyrədaxili mühitdə zəhərli təsir yaradır.

 

3.Mitoxondrial disfunksiya: Enerji istehsalında pozuntu neyron ölümü ilə nəticələnə bilər.

 

4.Ətraf mühit təsirləri: Pestisidlər, herbisidlər, ağır metallar (xüsusilə manqan) və quru qulaq kimi solventlərə uzunmüddətli məruz qalmaq xəstəlik riskini artırır.

 

5.Yaş amili: Parkinson xəstəliyi əsasən 60 yaşdan yuxarı şəxslərdə müşahidə olunur.

 

6.Cins fərqi: Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.
Parkinson diaqnozu alan bir şəxs üçün gündəlik həyatın düzgün təşkili xətəliyin gedişinə çox vacib təsir göstərir. Bu xəstələrdə hərəkət pozğunluğu olduğuna görə fiziki aktivlik artırılmalıdır. Dərmanlar düzgün və vaxtında qəbul olunmalıdır. Dərmanların təsir müddəti bəzən fərqli olur. Qida qəbulu düzgün olmalıdır, zülal qəbulu günün gec saatlarına saxlanılmalıdır, bu çox vacibdir. Xəstədə hərəkət pozğunluğu olduğuna görə evdə sürüşkən döşəmələr, dar keçidlər və s. aradan qaldırılmalıdır, rahat ayaqqabılardan istifadə edilməlidir. 50 yaşdan aşağı şəxslərdə bu xəstəlik olarsa, onlarda genetik faktorlar daha qabarıq şəkildə özünü göstərir. Parkinson xəstəliyində təxxminən 15% ailəvi hallar müşahidə olunur. Bu xəstəliyin müalicəsi tək dərmanlarla məhdudlaşmır, düzgün həyat tərzi ailə və həkim dəstəyi, balanslı qidalanma, mütəmadi fiziki aktivlik də xəstəliyin gedişatını yavaşladır".


Fatimə Heydərova