Şokoladın dadı və faydaları

Bölmə: Maraqlı › ,
Tarix: 20:23 07.04.2025

Şokolad, hər yaşdan insanın sevdiyi, həm də mübahisəli bir qidadır. Onun həm müsbət, həm də mənfi təsirləri barədə müxtəlif fikirlər olsa da, şokoladın sağlamlıq üçün faydalı tərəfləri barədə çox vaxt unudulur.

 

Mövzu ilə bağlı "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qaforov "informator.az"a bildirib ki, şokoladın tərkibində olan əsas maddələr və onların bədənə təsiri belədir:

 

" 1.Kakao (kakao massası və kakao yağı)
Flavonoidlər: Antioksidant təsir göstərir. Qan dövranını yaxşılaşdırır, ürək-damar sağlamlığını dəstəkləyir və beyin fəaliyyətinə müsbət təsir edir.
Teobromin: Yüngül stimulyator təsiri var, enerji və əhval-ruhiyyəni artırır.
Kofein: Mərkəzi sinir sistemini stimullaşdırır, ayıqlığı və diqqəti artırır, amma miqdarı çox azdır (qəhvəyə nisbətən).

 

2.Şəkər. Enerji mənbəyidir, amma çox miqdarda qəbulu qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Uzun müddətli yüksək qəbul piylənmə, 2-ci tip diabet və ürək xəstəliklərinə yol aça bilər.


3.Süd (süd şokoladında)
Kalsium və zülal: Sümük sağlamlığı üçün faydalıdır. Amma bəzi süd məhsulları ilə birlikdə flavonoidlərin təsiri azala bilər.

 

4.Yağ (əsasən kakao yağı və bəzən bitki yağları)
Doymuş və doymamış yağlar: Enerji verir, amma yüksək doymuş yağ qəbulu xolesterin səviyyəsini artıraraq ürək xəstəlikləri riskini artıra bilər.

 

5.Feniletilamin (PEA)
Beyində "xoşbəxtlik hormonu" olan dopamin ifrazını artırır. Bu da sevgi və xoşbəxtlik hissi ilə əlaqələndirilir.
Ümumi təsirlər:
Müsbət:Yüngül əhval-ruhiyyə yüksəlişi, antioksidant qoruma, qan dövranının yaxşılaşması, zehni ayıqlığın artması
Mənfi (çox miqdarda qəbulda):
Çəki artımı, qan şəkərində dalğalanmalar, diş çürüməsi, asılılıq hissi (xüsusilə şəkərə görə)
Şokoladın Sağlamlığa Faydaları çoxdur, məsələn:

1. Ürək-damar sağlamlığı Tünd şokoladda olan flavonoidlər damarları genişləndirir, qan təzyiqini aşağı sala bilər.

Xolesterin balansını tənzimləyir – yaxşı (HDL) xolesterini artırır, pis (LDL) xolesterini azalda bilər.
Qan dövranını yaxşılaşdıraraq infarkt və insult riskini azalda bilər.

 

2.Beyin funksiyalarını dəstəkləyir
Kakao qan axınını artıraraq konsentrasiyanı və yaddaşı gücləndirə bilər. Teobromin və kofein sayəsində əhval-ruhiyyəni və zehni ayıqlığı artırır. Tünd şokolad (≥70% kakao):20–30 qram gündə təhlükəsiz və faydalı sayılır.Bu da təxminən 2-3 kiçik parça deməkdir (bir standart plitkanın 1/5 hissəsi kimi).
Əgər daha yüksək kakao tərkiblidirsə (85-90%), miqdarı bir az da artırmaq olar, çünki şəkər az olur. Süd şokoladı:10–20 qramdan artıq olmamalıdır, çünki şəkər və yağ miqdarı yüksəkdir. Bu növ şokolad dadlı olsa da, sağlamlıq üçün tünd şokolad qədər faydalı deyil. Ağ şokolad: Əslində "şokolad" kimi sayılmır, çünki kakao massası yoxdur. Çox şəkər və yağ ehtiva etdiyi üçün minimal miqdarda və nadir hallarda istehlak edilməlidir".

 

Fatimə Heydərova