“Azərbaycan gənci hünər və vətənpərvərlik zirvəsini öz dəst-xətti ilə fəth etdi”

Bölmə: Sosial › ,
Tarix: 20:29 07.04.2025

Müasir Azərbaycan gənclərinin ölkə həyatında fəallığı yüksək səviyyədədir. Hələ demək olar ki, bu fəallıq heç bir dövrdə bu qədər olmayıb. Onların sosial aktivliyi, müxtəlif layihələrlə təşəbbüskar mövqe nümayiş etdirməsi, könüllü kimi humanitar fəaliyyəti, istənilən işin öhdəsindən layiqincə gəlməsi dediklərimizi təsdiq edir.

 

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “informator az”a açıqlamasında bildirib ki, bu gün cəmiyyətimizdə gənclər çoxsaylı sosial problemlərlə üzləşir:

 

“Təhsil, iş və mənzil problemləri onların sosial aktivliyinə təsir edən məsələlərdir. Bu gün yüksək bal ilə ali məktəbə qəbul olunub, əlaçı olaraq universitetləri bitirən və hələ də iş tapmayan gənclərimiz var. Onların işlə təminatına bürokratik əngəllər törədənlər də var. İşə qəbul imtahanlarında hələ də “dayı” məsələsi aktualdır. Gənclər mənzil təminatı sarıdan çox əziyyət çəkir. İpoteka və digər kredit faizləri o qədər yüksək səviyyədədir ki, bütün gənclər bundan yararlana bilmir. Bu səbəbdən də mənzil ala bilmirlər. Vaxtında mənzil ala bilmədiyi üçün ailə qurması da gecikir. Bu gün ölkədə 30-35 yaşında hələ də ailə qura bilməyən yüzlərlə gənc var.
Ailənin gec qurulması genefondumuza ciddi zərbə vurur. Belə ki, əhali artımının balansı pozulur ki, bu da gələcək üçün həlli çətin problemdir. Eləcə də gənclərin yüksək səviyyədə təhsil alması vacibdir. Yeni təhsil proqramı işlənib hazırlanmalıdır. Elə bir proqram ki, təhsillə yanaşı, işlə təminata da əsas versin. Biz gəncləri gələcəyimiz kimi görürüksə, bu gün onların inkişafı, rifahı üçün yeni təşəbbüslər irəli sürülməli, layihələr düşünülməli, proqramlar tərtib olunmalıdır. Bütün bunlar gənclərin cəmiyyətin inkişafında sosial aktivliyinə daha da təkan verə bilər. Gənclər üçün yeni iş yerlərinin yaradılması, təhsil imkanlarının artırılması və sosial şəbəkələrdə onların inkişafını təmin edəcək layihələrin hazırlanması bu günün əsas məqsədlərindən olmalıdır. Bütün bunlar ardıcıl şəkildə və yüksək səviyyədə həyata keçirilməlidir ki, gənclər cəmiyyətin gələcəyi kimi formalaşa, ölkənin daha yaxşı bir gələcəyini qura bilsin”.


Ətirə İbayeva