Kütləvi oxu trendi: Sosial mediada kitab müzakirələri kitabxanalara marağı artırıb

Bölmə: Sosial › ,
Tarix: 22:19 07.04.2025

Son illərdə sosial mediada, xüsusilə “TikTok”və “Instagram”platformalarında yayılan kitab müzakirələri və oxu çağırışları (“Bookstagram” və s.) Azərbaycanda da oxucular arasında yeni bir maraq dalğası yaradıb. Bu tendensiya xüsusilə gənclər arasında kitabxanalara olan marağın artmasına səbəb olub.

Ceyranbatan qəsəbə kitabxanasında son aylarda ziyartəçi sayında nəzərəçarpacaq artım müşahidə olunub. Tələbələr, sosial şəbəkələrdə məşhurlaşan kitabları tapmaq və birlikdə müzakirə etmək üçün kitabxanalarda daha çox vaxt keçirməyə başlayıblar.

Sözügedən kitabxananın əməkdaşı Tünzalə Bayramova "İnformator.az"a deyib ki, sosial media kitab oxumaq vərdişini gənclər arasında populyarlaşdırıb:

"Bu, kitabxanalara gələn ziyarətçilərin sayını artırmağa kömək edir. Gənclər sosial şəbəkələr vasitəsilə kitablar haqqında müzakirələrə qoşularkən, özlərini bir növ ədəbiyyat dünyasının bir hissəsi kimi hiss edirlər və bu da onları fiziki kitabxanalara yönəldir. Sosial media kitab oxumağı stimullaşdıran bir alətə çevrilib. Gənclərin kitabxanalara olan marağını artıran bu trend, kitabxanaların sosial mediadan da aktiv istifadə etməsinin əhəmiyyətini bir daha göstərir".

Maya Bayramova