İş müsahibələrində uğurlu olmağın sirləri

Tarix: 22:14 07.04.2025
İş müsahibəsi karyera yolunda ən önəmli mərhələlərdən biridir. Hər bir namizəd müsahibədə uğur qazanmaq üçün hazırlıqlı olmalıdır. Lakin bu prosesdə təkcə bilik və bacarıqlar deyil, doğru ünsiyyət, özünüifadə və bədən dili də mühüm rol oynayır.
Mövzu ilə bağlı ekspert Rizvan Fikrətoğlu "İnformator.az"a bildirib ki,şirkətlər, qurumlar, adətən, bacarıqlı kadrlara önəm verirlər. Bu mənada müsahibə mərhələsi olduqca önəm daşıyır:
"Müsahibəyə getməmişdən əvvəl namizəd şirkət haqqında məlumat toplamalı, ona müraciət etdiyi qurum haqqında verilməsi gözlənilən suallara hazır olmalıdır. Şirkətin fəaliyyət sahəsini, missiyasını, iş standartlarını bilməlidir.
Müsahibə zamanı insanın özünəgüvəni önəm daşıyır. Suallara müsbət və özünə inamlı cavablar verilməlidir. Göz təması qurmaq, dik durmaq, açıq və təbii bədən dili istifadə etmək sizi daha inamlı və peşəkar göstərəcək. Müsahibədə keçmiş təcrübələrdən və bacarıqlardan danışarkən konkret misallar vermək üstünlükdür. Misallar işə necə yanaşmalı və problemləri necə həll etməli olduğumuzu göstərən amillərdəndir. Müsahibə zamanı suallar vermək, şirkətə və vəzifəyə maraq göstərdiyinizi sübut edir. İşə uyğun olan geyim, səliqəli saç stili, peşəkar görünüş vizyonumuzu müəyyənləşdirir, buna diqqət etməliyik. Geyim tərzi şirkətin mədəniyyətinə uyğun olmalı, səliqəli və professional görünməlidir.Yaxşı hazırlanmış, inamlı və peşəkar bir namizəd olmaq, iş müsahibəsində uğur qazanmaq üçün əhəmiyyətlidir ".
Ekspert Cv və motivasiya məktubundan da söz açıb:
"CV və motivasiya məktubu iş müsahibəsinə dəvət almaqda və müsahibədə yaxşı təəssürat yaratmaqda böyük rol oynayır. Çünki CV və motivasiya məktubu işəgötürənə peşəkar təcrübəniz, bacarıqlarınız və motivasiyanız haqqında ilkin məlumat verir və buna əsaslanaraq sizi müsahibəyə dəvət edirlər. Başqa sözlə, müsahibəyə dəvət olunmağınız, çox vaxt CV-nizin nə qədər yaxşı hazırlandığından asılıdır. Onun strukturunun düzgün, məlumatın dəqiq və uyğun olması vacibdir. CV-dəki təcrübə və bacarıqlarınız, sizin potensialınızı göstərir. İşəgötürən, hansı sahədə təcrübənizin olduğunu, hansı bacarıqların ön planda olduğunu və iş yerindəki vəzifənizə uyğun olub-olmadığınızı CV-dəki məlumatlara əsaslanaraq qiymətləndirir.Motivasiya məktubu isə sizin şəxsi yanaşmanızı, işə olan marağınızı və hansı səbəbdən bu vəzifəyə müraciət etdiyinizi göstərir. Bu məktubda özünüzü və gələcəkdə işə olan məqsədinizi təqdim edə bilərsiniz. CV-də sadalanmayan, amma sizin üçün əhəmiyyətli olan bacarıq və xüsusiyyətləriniz, motivasiya məktubunda daha yaxşı şəkildə izah oluna bilər.
"Müsahibəyə psixoloji hazırlıq çox önəmlidir, çünki fiziki və peşəkar hazırlıqla yanaşı, həm də özünüzü emosional və mental olaraq hazırlamalısınız. Müsahibə zamanı özünüzü necə hiss edəcəyiniz, necə reaksiya verəcəyiniz və necə davranacağınız çox vacibdir. Mənfi düşüncələrdən uzaq durmağa çalışın və özünüzü ən yaxşı tərəfdən təqdim etmək üçün hazır olun. Gərginliyə qarşı mübarizə aparmaq üçün hər şeyin müsbət tərəflərinə diqqət yetirin. Müsahibə sadəcə bir imtahan deyil, həm də sizin bacarıqlarınızı nümayiş etdirmək və yeni fürsətlər yaratmaq üçün bir şansdır. Müsahibə zamanı veriləcək tipik suallara qarşı əvvəlcədən cavablar hazırlamaq sizi psixoloji olaraq rahatlatmağa kömək edəcək.Keçmiş təcrübələrinizə və güclü tərəflərinizə fokuslanın ".
Nəzrin Məmmədova