Meyvələrin insan orqanizminə hansı faydaları var ? -ekspert AÇIQLAYIR…

Bölmə: Maraqlı › ,
Tarix: 22:20 07.04.2025

 

Meyvələr sağlam qida rasionununu ayrılmaz hissəsidir. Onlar orqanizm üçün vacib olan vitaminlər, minerallarla zəngindir. Gündəlik qidalanmada müxtəlif növ meyvələrin qəbulu immun sisteminin güclənməsinə, həzm sisteminin yaxşı işləməsinə kömək edir.



Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, “informator.az”a açıqlamasında bildirib ki, immun sisteminin güclü olması üçün gündəlik qida rasionunda meyvələrdən istifadə etmək ən vacib amillərdən biridir:

 

“Meyvə vitamin və minerallara və liflərlə zəngin olması, immun sistemi ilə yanaşı orqanizmi vitamin və minerallarla təmin edir. Lifli qidalar isə bağırsaq sağlamlığının qorunmasında əvəzsiz rol oynayır. Hər gün qida rasionumuzda meyvələri qəbul etsək, immun sistemimiz güclənməklə , həzm sisteminin daha yaxşı çalışması ilə yanaşı, həm də maddələr mübadiləsinin sürəti normallaşır. Eyni zamanda dərinin sağlamlığı bərpa olunur. Vitamin və minerallar yetəri qədər olduqda dəri daha canlı, parlaq görünür. Bununla yanaşı, gözlərin daha yaxşı görməsi üçün faydalı olan meyvələrin istifadəsi lazımlıdır. Meyvələr həm də antioksidant maddələrlə zəngindir. Bu da yaşlanmanın qarşısını alır. Yeni hüceyrələrin yaranmasında əvəzsiz rol oynayır. Xüsusilə “A” vitamini, fol turşusu, kalium maddələri , “C” vitamini ilə zəngin olan meyvələr var ki, bunlar birbaşa orqanizmdə daxili orqanların funksiyasını doğru şəkildə yerinə yetirməsinə xidmət edir. Hər bir insan orqanizmi qidalanma rasionunda nə qədər meyvə qəbul etməsi, onun yaşına, cinsinə, çəkisinə, gündəlik fiziki aktivliyini görə təyin olunur. Hər kəs standart, eyni ölçüdə meyvə qəbul edə bilməz. Şəkərli diabet xəstələri, hipertoniyadan əziyyət çəkən insanlar, insulin dirənci olan insanlar, şirin meyvələri az istifadə etsinlər. Şirin meyvələr dedikdə, nəzərdə tutulur: şirin alma, ərik, üzüm və bu kimi meyvələr, az qəbul edilməlidir. Bu meyvələri qəbul edərkən, günün birinci yarısında qəbul edilməsi daha yaxşı olar. Digər sağlamlıq problemi olmayan insanlar isə şirin meyvələri səhər saatlarında, günün birinci yarısı qəbul etsələr, bu onlarda enerjiyə çevriləcək. Ac qarına və axşam son qida olaraq sitrus meyvələrindən istifadə etməsinlər. Bu onlarda mədə şirəsinin turşuluğ balansını poza bilər. Bu da mədədə yanmaya, ağrı hissinə gətirib çıxarda bilər.
Bir çox meyvələrin ölçüsünü hesablayarkən, təxminən gün ərzində alma, armud ölçüsü orta ölçü hesab olunur. Bu şəkildə 2-dən 4-ə qədər meyvə qəbul edə bilərlər. Bəzən soruşurlar ki, meyvə şirəsi içmək zərərlidirmi? Təbii ki, zərərli deyil, amma  ölçüsünü bilmək şəti ilə faydalıdır. Çünki bəzən bir insan orqanizminə gün ərzində bir portağal yetərli olursa, 1 stəkan portağal şirəsində artıq 3 və ya 4 portağaldan istifadə olunur. Burda da artıq miqdarda şəkər qəbulu orqanizmə zərər verə bilər. Əgər meyvə suyu içəcəklərsə, 150 qramı keçməmək şərti ilə qəbul etmələri tövsiyə olunur”.

 

Məhsəti Hüseynova əlavə edir ki, bir çox xəstəliklərin müalicəsində meyvələrdən istifadə olunur:

 

“ Burada ürək-damar xəstəliklərində daha çox kalium (banan) ilə zəngin olan meyvələrdən və eyni zamanda lif miqdarı olan meyvələrdən istifadə edirlər. Eyni zamanda şəkərli diabetdən əziyyət çəkənlər, tərkibində daha az şəkər olan meyvələri istifadə edirlər. Bunlar almanın bəzi növləri, meşə giləmeyvələridir ki, qanda şəkərin tənzimlənməsinə kömək olur.
Həzm sisteminin normal işləməsi üçün lifli meyvələrdən çox istifadə etmək lazımdır. Bu da birbaşa olaraq qəbizliyin qarşısını alır. Burada əsasən ərik, xurma, gavalıdan istifadə etmək daha faydalı hesab olunur. Bir çox insanlarda artıq 30-40 yaşdan sonra sümüklərdə, oynaqlarda problem olur. Bu halda, tərkibində “C” vitamini olan meyvələri qəbul edəndə, orqanizmdə kollagen istehsalı ifrazı çoxalır ki, bu da birbaşa olaraq sümük xərçənginə kömək olur. Antioksidantlarla zəngin olan meyvələr, bir çox xəstəliklərin müalicəsində istifadə olunur, iltihabi proseslərin aradan qalxmasına kömək olur. Daha çox xərçəngin müalicəsində də istifadə olunur. İmmun sistemini gücləndirməklə yanaşı, həm də antioksidantlar zərərli hüceyrələri məhv etməkdə, böyük rola malikdir. Bütün bunlarla yanaşı nəzərdə saxlamaq lazımdır ki, yerli mövsümü meyvələrdən istifadə etsinlər. Mövsümündə olmayan meyvələrin yetişdirilməsində istifadə olunan kimyəvi maddələr, yetişməsi üçün verilən süni istilik, bəzi hormonal dərmanlar, eləcə də zərərvericilərdən qorumaq üçün istifadə olunan herbisitlər, pestisidlər daha çox istifadə olunur. Bu da immun sistemi zəif olan, allergiyaya meyilli olan azyaşlılarda, hamilə və südverən qadınlarda, yuxarı yaşlı, xroniki xəstəliyi olan insanlarda həyati əhəmiyyətli təhlükəyə səbəb ola bilər. Mövsümündə olmayan meyvə-tərəvəzlərdən istifadə edəndə diqqətli olmaq lazımdır”.

 

Əminə Əliyeva