Azərbaycanda sağlamlıq xidmətlərinin inkişafı və tibbi xidmətlərə çıxışın asanlaşdırılması:-Ekspert Təhlili

Bölmə: Sosial › ,
Tarix: 22:54 07.04.2025

Son illər Azərbaycanda səhiyyə sahəsində müsbət dəyişikliklər olsa da, tibbi xidmətlərə çıxışın hələ də bəzi bölgələrdə məhdud olması və sağlamlıq xidmətlərinin keyfiyyəti ilə bağlı mövcud problemlər hələ də aktuallığını qorumaqdadır. Sağlamlıq infrastrukturunun gücləndirilməsi, əhalinin tibbi xidmətlərə asan və sərfəli çıxışı məsələsi ölkənin ən mühüm prioritetlərindən biri kimi qalır.

Tibb üzrə ekspert, səhiyyə siyasəti mütəxəssisi, həkim Kamran İsmayılov "İnformator.az"a bildirib ki,
Azərbaycanda tibbi xidmətlərə çıxışın yaxşılaşdırılması üçün ölkə miqyasında səhiyyə infrastrukturu ciddi şəkildə gücləndirilməlidir:

"Xüsusən regionlarda müasir tibb mərkəzlərinin açılması və dövlət xəstəxanalarının keyfiyyətinin artırılması vacibdir. Həmçinin, səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması və daha şəffaf bir sistemin qurulması da önəmli addımlardır. Səhiyyə sistemində mövcud olan əsas çətinliklərdən biri də xəstəxanaların resurs çatışmazlığıdır. Bu da öz növbəsində tibbi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Həmçinin tibbi personalın təliminə və onların iş şəraitinin yaxşılaşdırılmasına daha çox diqqət yetirilməlidir. Yalnız maddi və texniki infrastruktur deyil, həm də tibbi personalın bilik və bacarıqları da səhiyyə sisteminin inkişafında həlledici rol oynayır. Eyni zamanda, dövlət tərəfindən səhiyyə sahəsində mütəxəssislərin kadr hazırlığı və sosial təminat məsələləri də yaxşılaşdırılmalıdır".

Ekspert onu da qeyd edib ki, səhiyyə sistemində şəffaflığın artırılması və rüşvətxorluğun qarşısının alınması çox vacibdir. Bu, yalnız tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, cəmiyyətin bu xidmətlərə inamını da artıracaq.

Ceyhun Vaqifli