İş yerində yaşanan stress və mübarizə yolları-AÇIQLAMA
.jpg)
Tarix: 11:22 08.04.2025
Müasir dövrdə insanlar günlərinin böyük bir hissəsini işdə keçirirlər və bu mühitdə yaranan stress, həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərə bilər. İş həyatında stress artıq qaçınılmaz bir hal alıb və onunla mübarizə yollarını öyrənmək hər kəs üçün vacibdir. Respondentlərimin anlatdıqlarına görə, işdəki stressin səbəbləri və nəticələri fərqli formalarda özünü göstərir.
Mövzu ilə bağlı psixoloq Almara Ağaqızı “İnformator.az”a açıqlamasında işdə yaranan stressin ilk əlamətləri çox vaxt bədənin verdiyi siqnallarla başlayır:
"İnsanlar bu siqnalları vaxtında anlasa, daha ciddi problemlərin qarşısını almaq olar. Fiziki baxımdan baş ağrıları, əzələ gərginliyi, yuxusuzluq, ürək döyüntüsünün artması və həzm problemləri kimi hallar müşahidə olunur. Psixoloji əlamətlərə isə narahatlıq, əsəbilik, konsentrasiya pozğunluğu, motivasiya azalması və depressiv əhval daxildir. Respondentlərimin dediyinə görə, bu əlamətlər uzun müddət davam etdikdə insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Uzunmüddətli stress təkcə psixoloji sağlamlığı deyil, ümumilikdə bütün orqanizmi zəiflədir. Mənim fikrimcə, daimi stress vəziyyətində olan insanlarda immun sisteminin zəifləməsi, ürək-damar problemləri, yüksək qan təzyiqi və hətta şəkər xəstəliyi kimi ciddi xəstəliklərin riski artır. Psixoloji baxımdan isə depressiya, panik ataklar, hətta şəxsiyyət pozuntularına qədər gedib çıxa bilər. Düşünürəm ki, belə hallar insanın yalnız iş həyatını deyil, ailə və sosial münasibətlərini də zədələyir".
Psixoloq əlavə edib ki, iş mühitindəki rəhbərliyin davranışı və ümumi idarəetmə üslubu stressin səviyyəsinə birbaşa təsir edir:
"Respondentlərimin anlatdıqlarına görə, ədalətsiz idarəetmə, əməkdaşlar arasında qeyri-sağlam rəqabət, daim nəzarət altında olmaq, yüksək gözləntilər və dəstəyin olmaması stressi artıran əsas faktorlardır. Əksinə, əməkdaşına dəyər verən, dəstək göstərən və şəffaf ünsiyyət qurmağı bacaran rəhbərlik tərzi işçilərin özlərini daha rahat və motivasiyalı hiss etmələrinə səbəb olur. Tükənmişlik sindromu ilə üzləşməmək üçün şəxsi qayğı çox önəmlidir. Mənim fikrimcə, ilk addım öz emosional və fiziki sərhədlərini tanımaq və qorumaqdır. İnsanlar “yox” deməyi öyrənməli, özlərini daim sübut etmək məcburiyyətində hiss etməməlidirlər. Həftə sonları istirahət, hobbilərə vaxt ayırmaq, fiziki aktivlik və sağlam qidalanma bu prosesdə mühüm rol oynayır. Eyni zamanda, peşəkar psixoloji dəstək almaq da çox faydalı ola bilər".
Almara Ağaqızının fikrincə, stressin azaldılması üçün fərqli metodlar tətbiq oluna bilər:
"Nəfəs məşqləri, meditasiya, qısa fasilələr, günün əvvəlində planlama və prioritetləşdirmə kimi üsullar gündəlik iş rejimində effektiv ola bilər. Respondentlərimin bəziləri musiqi dinləməyi, kiçik yürüşlər etməyi və ya sadəcə 5 dəqiqəlik sakit qalmağı belə faydalı hesab edirlər. Ən əsası isə, insanın özü ilə dürüst münasibətdə olması və özünü dinləməyi öyrənməsidir.
Nəticə olaraq, iş mühitindəki stress qaçınılmaz olsa da, onunla sağlam şəkildə baş etmək mümkündür. Həm fərdi, həm də təşkilati səviyyədə atılan addımlar insanların iş həyatında daha balanslı və məmnun şəkildə fəaliyyət göstərməsinə kömək ola bilər".
Tərlan Əmrahova

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə” layihəsinin icra edir.