“Ənənəvi media vətəndaş jurnalistləri ilə əməkdaşlıq edir”-Ekspert RƏYİ

Bölmə: MEDİA › ,
Tarix: 19:56 09.04.2025

Müasir dövrdə texnlogiyanın gündən-günə daha da inkişaf etməsi bir çox sahələrə, eləcə də jurnalistikaya öz təsirini göstərir. Belə ki, jurnalistikada yeni sahələr formalaşmağa başlayır. Bu sahələrdən biri də vətəndaş jurnalistikasıdır. Artıq insanlar ağıllı telefonları vasitəsilə jurnalist fəaliyyəti göstərməyə başlayırlar. Bu da mediada saxta və manipulyasiyaya uğramış informasiyaların yayılmasına gətirib çıxarır.
Bəs vətəndaş jurnalistikasının gələcəyi necə olacaq?

Bu haqda media eksperti Anzulə Cəfərova “İnformator.az”a açıqlamasında bildirib ki, vətəndaş jurnalistikasının gələcəyi ilə bağlı onu deyə bilərəm ki, həqiqətən də texnologiya daha da yaxşı, daha da çox inkişaf etdikcə insanların xəbər yayma, özlərini vətəndaş jurnalist kimi aparmaq imkanları daha da artır:

"Bir növ smartfonlar və sosial media bu prosesi insanlar üçün asanlaşdırır. İnsanlar isə daha çox sosial media kimi platformalardan asılı qala bilərlər və onları həqiqəti demiş kimi hesab edə bilərlər. Hətta biz yeni platformaların yarandığını da görə bilərik, hansı ki, gələcəkdə onlar vasitəsilə vətəndaşların məlumatlar yayması asanlaşa bilər”.

Ekspert vətəndaş jurnalistikasının müsbət və mənfi cəhətlərindən bəhs edib:

“Dünya təcrübəsinə baxanda, analiz edəndə görürük ki, bir çox ənənəvi media istəyir ki, vətəndaş jurnalistləri ilə əməkdaşlıq etsinlər. Hansısa kontentlərin paylaşılmasında, hansısa bir məzmunun daha da inkişaf etməsində, vətəndaşlardan əldə etdikləri şəkil və videolarla kontentlərini daha da zənginləşdirə bilərlər. Və bu əməkdaşlıq səviyyəsində inkişaf edə bilər. Amma təbii ki, burada müsbət cəhətlərlə yanaşı mənfi cəhətlər də var. Bu isə yanlış informasiyaların daha da artmasıdır. Vətəndaş jurnalistləri vasitəsilə yanlış informasiyaların artma ehtimalı fakt yoxlama alətlərinin və “fake” xəbərlərin yayılmasının qarşısını almaq üçün yeni alətlərin yaranmasına həddindən artıq ehtiyac duyulmasına səbəb olacaq. Vətəndaş jurnalistikası nə qədər inkişaf edirsə, bu etik və leqal problemlərin də yaranmasına gətirib çıxaracaq”.

Rafiq Yusifov