Süni intellekt məlumat mərkəzlərinin enerji tələbatı 2030-cu ilə qədər dörd dəfə artacaq

Tarix: 10:27 10.04.2025
Beynəlxalq Enerji Agentliyinin (IEA) yayımladığı yeni hesabata görə, süni intellekt texnologiyalarına olan qlobal maraq bu sahədəki məlumat mərkəzlərinin enerji istehlakını 2030-cu ilə qədər dörd dəfə artıracaq. Lakin mütəxəssislər bu artımın iqlim böhranı ilə mübarizədə düşündüyümüz qədər böyük bir təhlükə yaratmadığını bildirirlər.
Hesabata əsasən, yalnız ABŞ-də süni intellekt başda olmaqla, məlumat emalı fəaliyyətləri 2030-cu ilə gəldikdə, polad, sement və kimyəvi maddələrin istehsalı kimi enerji tələb edən sahələrin ümumi istehlakından daha çox elektrik enerjisi sərf edəcək.
Qlobal miqyasda isə məlumat mərkəzlərinin elektrik enerjisi tələbatının 2030-cu ilə qədər iki dəfədən çox artacağı gözlənilir. Bu artımın əsas səbəbi isə süni intellekt üçün xüsusi olaraq inşa edilən məlumat mərkəzlərinin tələbatı olacaq.
Hazırda bir məlumat mərkəzi orta hesabla 100 min ev təsərrüfatının sərf etdiyi qədər elektrik enerjisi istifadə edərkən, inşası davam edən bəzi yeni mərkəzlərin bu miqdarın 20 qatına qədər enerji istifadə edəcəyi proqnozlaşdırılır.
“Süni intellekt düzgün istifadə olunarsa, iqlim üçün bir fürsət ola bilər”
IEA-nın prezidenti Fatih Birol bu məsələ ilə bağlı belə deyib: “Süni intellektin yüksəlişi ilə enerji sektoru dövrümüzün ən mühüm texnoloji inqilablarından birinin mərkəzində yer alır. Süni intellekt potensial baxımından olduqca güclü bir vasitədir. Lakin onu necə istifadə edəcəyimiz cəmiyyətlərimizdən, hökumətlərimizdən və şirkətlərimizdən asılıdı”.
Hesabatda qeyd olunur ki, süni intellekt enerji istehlakını artırsa da, enerji səmərəliliyinin artırılması, ictimai xidmətlərin daha effektiv planlaşdırılması və bərpa olunan enerji inteqrasiyasının asanlaşdırılması kimi sahələrdə ciddi faydalar verə bilər. Bu baxımdan, süni intellektə əsaslanan sistemlərin uzunmüddətli perspektivdə istixana qazı emissiyalarını azalda biləcəyi bildirilir.
Mənbə: TRT HABER
Nuray Əliyeva