Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək

Tarix: 21:40 14.04.2025
Müasir dövrdə inklüziv cəmiyyət qurmaq və hər kəsin iqtisadi fəallığını artırmaq dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Xüsusilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların əmək bazarında iştirak imkanlarının genişləndirilməsi vacib sosial məsələdir. Son dövrlərdə Azərbaycanda bu sahədə bir sıra əhəmiyyətli addımlar atılmışdır. Bu addımlardan biri də əlilliyi olan şəxslərin öz əl işlərini internet vasitəsilə satışa çıxarması zamanı sosial vergi ödəməkdən azad edilməsidir. Bu qərar onların həm maddi rifahının, həm də sosial fəallığının artmasına şərait yaradır.
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “informator.az”a açıqlamasında bildirib ki, əlliliyi olan şəxslərin sosial müdafiəsi sahəsində olduğu kimi, onların yaradıcı potensialının dəstəklənməsi sahəsində də mühüm addımlar atılır:
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünə uyğun olaraq 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan şəxslərin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsinə xidmət göstərir. Mərkəzin İsmayıllıda “DOST Evi” filialı, Bərdədə isə Qarabağ Regional DOST Mərkəzində yerləşən Qarabağ “DOST Evi” şöbəsi yaradılıb. Hazırda filial və şöbə də daxil olmaqla, Mərkəzin xidmətlərindən ümumilikdə 200-dək benefisiar istifadə edir.
Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin Nazirliyin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında satışı zamanı gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmamasını, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulmasını nəzərdə tutur.
Həmin yeni qanunvericilik aktları da əlilliyi olan şəxslərin yaradıcı potensialının dəstəklənməsinə, onların gəlir imkanlarının artırılmasına xidmət edir.
Bu gün dövlət əsas prioritetlərdən biri həssas qrupların bütün sahələrdə dəstəklə əhatə olunmasıdır.
Qeyd edək ki, hazırda qeyd olunan əl işlərinin e-qaydada satışı üçün portalın yaradılması işləri davam etdirilir.
Əlilliyi olan şəxslərin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsinə, yaradıcı potensialının dəstəklənməsinə yönələn tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcəkdir”.
Əminə Əliyeva

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.