İxtisas seçimi — onlayn, yoxsa əyani?

Bölmə: Sosial › ,
Tarix: 22:39 16.07.2025

İxtisas seçimi abituriyentlər üçün ən vacib və hətta deyə bilərik ki, ən təhlükəli, ən diqqət edilməli mərhələlərdən biridir. Bu yazıda həm əyani, həm də onlayn ixtisas seçimi ilə məşğul olan mütəxəssislərin yanaşmalarını müqayisəli şəkildə təqdim edirik.

 

Hər iki formatın üstünlükləri, fərqləri və praktiki tərəfləri ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik. Sonda isə seçimində onlayn məsləhətə güvənən bir abituriyentin şəxsi təcrübəsinə də yer verilib.

 

İlk olaraq, daha çox onlayn ixtisas seçimi ilə məşğul olan İlhamə Baxşəliyevanın fikirlərini öyrəndik. Müsahibimiz "İnformator.az"a açıqlamasında bildirib ki, onlayn ixtisas seçimi ilə məşğul olmağa üstünlük verməyinin bir neçə əsas səbəbi var:

 

"İlk olaraq, bu format mənə daha çevik və rahat işləmək imkanı verir. Zaman və məkan məhdudiyyətləri olmadan həm tələbələrlə daha geniş kütlədə əlaqə qura bilirəm, həm də öz iş qrafikimi daha səmərəli şəkildə planlaya bilirəm.

Bu sahəyə başladıqdan sonra müşahidə etdiyim ən böyük üstünlüklərdən biri tələbələrin daha rahat və açıq şəkildə fikirlərini ifadə etmələridir. Onlayn formatda özlərini daha az stresli hiss edirlər və seçim prosesində daha dürüst olurlar. Bundan əlavə, texnologiyanın imkanlarından istifadə edərək vizual materiallar, statistikalar və interaktiv vasitələrlə onların seçimlərini daha dəqiq yönləndirmək mümkün olur. Ən əsası, bu sahə mənə uğur gətirdi — minlərlə talelərə toxundum, uğurlar qazandım və qazanacağam da".

 

Həmçinin İlhamə xanım bildirir ki, tələbələr üçün onlayn ixtisas seçimində ən cəlbedici tərəf rahatlıqdır:

 

"Onlar evdən çıxmadan, istənilən vaxt mənimlə əlaqə saxlaya bilirlər. Bu, xüsusilə rayonlarda yaşayan və ya vaxt məhdudiyyəti olan tələbələr üçün böyük üstünlükdür.

Eyni zamanda, fərdi yanaşma tələbələrin diqqətini daha çox cəlb edir. Onlar bilirlər ki, sadəcə texniki məlumat deyil, onların şəxsiyyətinə, maraq dairəsinə, qabiliyyətlərinə uyğun analizlərlə qarşılaşacaqlar. Qətiyyən tələsmək yoxdur. Tələbələr bu formatda səmimiyyət və peşəkarlıq axtarır, daha çox 'məsləhət verən yox, anlayan' birini seçirlər. Əyani və onlayn ixtisas seçimi arasında ən nəzərəçarpan fərq ünsiyyət formasındadır.

Əyani seçim zamanı bədən dili, mimika və birbaşa kontakt ünsiyyətə fərqli təsir edir. Amma onlayn seçimdə daha çox dinləmə və yazılı/səsli ünsiyyət vasitəsilə dərin analizə imkan yaranır.

Elə uşaqlar var ki, olduqca çəkingəndirlər — əyani görüşdə fikirlərini ifadə etməkdə çətinlik çəkirlər, amma yazaraq elə ifadə edirlər ki, insan heyran qalır. Onlayn format bu baxımdan bir çox tələbə üçün psixoloji rahatlıq yaradır. Onlar özlərini daha az təzyiq altında hiss edirlər və daha dürüst, açıq yazırlar.

Bundan əlavə, onlayn formatda prosesi daha sistemli aparmaq olur: bol vaxt, şablon cədvəllər, keçid balları, onların təhlili kimi texniki detalları təqdim etmək və yadda saxlatmaq daha asan olur. Əyani formatda isə bu cür detallı təqdimatlar bəzən vaxt məhdudiyyətinə görə arxa planda qalır. Daha tələsik olur.

Hər iki yanaşmanın öz üstünlükləri var, amma mənim təcrübəmdə onlayn seçim daha fərdi, rahat və effektiv nəticələr verib. Hətta öz universitet seçimimi də vaxtında əyani şəkildə, şəxsən özüm etmişəm. O dövrdə tələbələrlə üz-üzə işləmək, onların reaksiyalarını birbaşa görmək və hisslərini dərhal anlamaq baxımından çox faydalı təcrübə oldu.

Lakin zaman keçdikcə onlayn formatın imkanlarını və effektivliyini gördüm. Əslində, hər iki formatın üstünlükləri var, amma şəxsən mən, daha obyektiv və geniş imkanlar verdiyi üçün onlayn formata üstünlük verirəm. Bəlkə, gələcəkdə bir az da əyani seçimlərə yer verəcəm, amma onlayn seçimləri heç vaxt kənara qoymayacam".

 

Əyani ixtisas seçiminə daha çox üstünlük verən ixtisas seçimi mütəxəssisi, təhsil eksperti Vüsət Əzizov isə bildirir ki, ixtisas seçiminin əyani edilməsinə üstünlük verməsinin səbəbi valideyn və abituriyentlərlə üzbəüz rahat şəkildə konsultasiya aparmaq imkanıdır:

 

"Bundan əlavə, abituriyentin şəxsi məlumatları əldə olunur, sistemdəki nəticəsi — buraxılış balı, blok balı — valideynə göstərilir. Ona ediləcək 15 ixtisas seçimi valideynlə müzakirə edilir, balının çata biləcəyi, qəbul oluna biləcəyi ixtisaslar nəzərdən keçirilir. Həmin ixtisasların gələcək perspektivləri izah olunur, fikir mübadiləsi aparılır və bütün bu proses daha qısa müddətdə tamamlanır.

 

Onlayn olduqda isə internetdə hər hansı yaranan problem vaxt itkisinə səbəb ola bilir. Əyani proses zamanı isə bu proseduru daha səmərəli şəkildə həyata keçirmək mümkündür. Tələbələr və valideynlər də əyani şəkildə gəlməyi, tanış olmağı üstün tuturlar. Valideyn rahatlıqla fikrini çatdıra bilir.

 

Onlayn formatda isə valideyn öz fikrini tam ifadə edə bilmir. Seçimlərini vərəqə yazıb gətirirlər və burada fikir mübadiləsi daha asan aparılır".

 

Ekspert bildirir ki, onlayn seçimdə hər hansı bir ciddi mənfi tərəf yoxdur:

 

"Yekunda 15 ixtisas seçimi onlayn şəkildə də həyata keçirilə bilər. Lakin qeyd etdiyim kimi, internet problemi və ya şəbəkə zəifliyi fikir mübadiləsini çətinləşdirə bilər.

 

Rayonlarda yaşayan və ya uzaqda olan şəxslər üçün onlayn seçim daha əlverişlidir. Bu, zamana qənaət və yol xərclərinə görə praktik hesab olunur. Onlar da buna görə onlayn formata üstünlük verirlər.

 

Onlayn seçimdə də əyani formadan heç bir fərq olmur. Əgər valideyn və ya abituriyent Bakıya gələ bilmirsə, yaxud başqa səbəblərdən onlayn şəkildə seçim etmək istəyirsə, seçim edilir, abituriyentin topladığı bala uyğun ixtisaslar göstərilir.

 

Üzbəüz olduqda isə biz jurnalları valideynə təqdim edirik. Hansı ixtisaslara düşə biləcəyi, hansı universitetlərdə əyani və ya qiyabi formaların olduğu, illik ödənişlər, hara pulsuz qəbul ola biləcəyi göstərilir. Fiziki jurnalların valideynə təqdim edilməsi əyani seçim zamanı daha rahat olur.

 

Onlayn formatda isə bu izahatlar texniki baxımdan valideyn üçün tam rahat olmaya bilər. Lakin ümumilikdə onlayn seçimdə də problem yaşanmır. Yol, məsafə, iş yerindən çıxmaq çətinliyi səbəbindən və ya başqa səbəblərdən bəzən valideynlər onlayn seçimi seçirlər.

 

Mən isə çalışdığım qədər ixtisas seçimini əyani şəkildə həyata keçirməyə üstünlük verirəm. Bu zaman proses daha effektiv olur. Yeni ixtisaslar seçildikdən sonra abituriyentin elektron ərizəsi təsdiqlənir, çap edilir və valideynə göstərilir ki, hansı seçimlər edilib.

 

Yəni, bütün hallarda ixtisas seçiminin əyani formada həyata keçirilməsi daha rahat olur".

 

Son olaraq isə AKU tələbəsi Zənurə Həsənli seçimi olan onlayn ixtisas seçimi barədə öz fikirlərini bildirib:

 

"İxtisas seçimi mənim üçün həyatımda verdiyim ən vacib qərarlardan biri oldu. İmtahandan sonra ən çox həyəcanlandığım məqam məhz bu proses idi. Mən onlayn ixtisas seçimini seçdim və bunun nə qədər rahat olduğunu gördüm. İsti havada uzaq yol getmədən, evdə, sakit mühitdə seçim etmək daha komfortlu idi. Ev şəraitində həm özümü daha rahat hiss edirdim, həm də qərar verərkən həyəcanlanmırdım. Emosiyalarımı daha yaxşı idarə edə bilirdim, diqqətimi cəmləmək və motivasiyamı qorumaq daha asan oldu.

 

Əyani formada getsəydim, yəqin ki, daha çox stress yaşayardım. Orada həyəcanlanmaq, duyğularımı ifadə etmək və düzgün qərar vermək mənim üçün çətin ola bilərdi. Üstəlik, əyani seçim zamanı müəllimin yanına dəfələrlə getmək lazım gəlir, bu isə vaxt və enerji baxımından əlavə yükdür. Onlayn seçimdə isə müəllimlə telefon vasitəsilə əlaqə saxladım, suallarımı rahat şəkildə verdim və vaxtımdan da səmərəli istifadə etdim".

 

Nigar Həsənzadə