“Məktəbli avtobusu” layihəsi-Təhsil ekspertinin rəyi

Bölmə: Sosial › ,
Tarix: 21:42 14.04.2025

Məktəblilər üçün xüsusi avtobusların yaradılması planlaşdırılır. Bu avtobuslar şagirdlərin evdən məktəbə və məktəbdən evə daha təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etmək məqsədi daşıyır.

 

Bu mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a açıqlamasında bildirib ki, “Məktəbli avtobusu” layihəsi ABŞ, Avstriya, Almaniya, İngiltərə, Fransa, Yaponiya, Türkiyə və bir çox digər ölkələrdə uğurla tətbiq edilir:

 

“Avtobusların həm şəhərlərdə, həm də qəsəbə və kəndlərdə tətbiq təcrübəsi mövcuddur. Layihə öz-özlüyündə müsbət qiymətləndirilməlidir, amma onun səmərəli olub-olmaması üçün bir çox analitik araşdırmalar aparmaq lazımdır. Məktəbli avtobuslarının konkret hansısa məktəbə təhkim edilməsi, yaxud da müəyyən marşrutlar üzrə hərəkət sxemləri məsələsi də öz effektiv həllini tapmalıdır. Layihənin ən müsbət tərəfi şagird təhlükəsizliyinin təmin edilməsidir. Məlumdur ki, hazırda ictimai nəqliyyatda pik saatlarda həddən artıq sıxlıq olur. Bu da uşaqların marşrutlara minməsində çətinlik yaradır və onlar bəzən bullinqə məruz qala bilirlər. Buna görə də bəzi valideynlər məcbur olub ya özləri uşaqlarla birgə ictimai nəqliyyatdan istifadə edirlər, ya da şəxsi nəqliyyat vasitəsilə övladlarını məktəbə aparmağa üstünlük verirlər. Nəticədə nəqliyyat yollarında əlavə yüklənmə və tıxaclar baş verir.

 

Layihənin uğurlu icrasına dair bəzi şübhələr də mövcuddur. Ən aktual məsələlərdən biri nəqliyyatda gecikmələrin olmasıdır. Heç kimə sirr deyil ki, Bakıda avtobusların müəyyən olunmuş vaxt qrafikinə uyğun işləməsi çətindir. Belə olduğu halda şagirdlərin dərsə gecikməsinin qarşısını almaq mümkün olmayacaq".

 

Nigar Həsənzadə