Ev heyvanlarının psixologiyaya təsiri

Tarix: 20:59 15.04.2025
Heyvan sahibi olmaq insanlarda xoş bir duyğu, güvən hissi yaradır. Onlarla oynadıqda, onlara toxunduqda, onlara sevgi verdikdə eyni sevgini qarşılıqsız olaraq aldıqları üçün bu, insanlarda xoş bir duyğu yaradır. Və bu duyğu da onların orqanizmində serotonin, dopamin hormonlarının ifrazına səbəb olur. Bu zaman insanlar özlərini daha yaxşı hiss edirlər.
Mövzu ilə əlaqədar Psixoloji İnkişaf akademiyasının rəhbəri Psixoloq Aygün Cəfərova “İnformator.az”a açıqlamasında bildirib ki, heyvan sahibi olan insanlar məcburdurlar ki, onların qayğısına qalmaq üçün onları daim gəzdirsinlər, havaya çıxarsınlar:
“Yəni, bu durumda insan hərəkətdə olur, təmiz havada yeriyir, metabolizm, bədən başlayır aktiv olmağa. Və aktiv olduqca insan eyni qaydada, bədəndə serotonin hormonu ifraz olunur. Çünki beyinə oksigen gedir, beyin daim hərəkətdə olur. Bu, bədəndə, orqanizmdə baş verən dəyişikliklər insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur. Məhz depressiyada olan, ümumiyyətlə emosional durumu stabil olmayan, sosial fobiyası olan insanlar üçün ilk tövsiyəmiz o olur ki, daha çox təmiz havada gəzin, sağlam həyat tərzi seçsinlər və bunun nəticəsində insan hərəkətdə olduğu üçün insan orqanizmində olan dəyişikliklər insanın ruhsal durumuna müsbət təsir edir.
Və dolayısı ilə bir insan əgər heyvan sahibidirsə və bu məsuliyyətləri öz üzərinə götürürsə, yəni heyvanın baxımıdır, ona verilən sevgidir, onun daim havada gəzdirilməsidir — bu, insanlarda “mən yararlıyam, mən bacara bilirəm, mən xoş duyğu ötürürəm” kimi xoş duyğular yaradır və bu da istər-istəməz bu dəyişikliklərin insanın, həmçinin sosial fobiyası olan şəxslərin emosional durumuna yaxşı təsir etməsinə səbəb olur”.
Ekspertin sözlərinə görə, Heyvanları, məsələn, iti, pişiyi parkda gəzdirdikdə və ya haradasa olduqda, ətrafdakı insanlar bu heyvanlarla kontaktda olmaq istəyirlər, toxunmaq istəyirlər:
“Bundan da dolayı insanlar məcburiyyət qarşısında ətrafdakı insanlarla ünsiyyətə girməyə çalışırlar. Əslində, bunun da fonunda həmin insan insanlarla ünsiyyətdə olmağın o qədər də təhlükəli olmadığını düşünür. Bundan da dolayı “güvənmək olar, yaxşı bir şeylər də ola bilər” düşüncəsinin insan psixikasına toxumları səpilir”,- deyə psixoloq sözlərini tamamlayıb.
Asiman Vəliyeva