Naftalana turist axını davam edir

Tarix: 21:18 15.04.2025
Beynəlxalq Turizm Mərkəzi bildirir ki, Naftalana müalicə və istirahət üçün gələn turistlərin sayı ilbəil artır. Cari ilin birinci rübündə şəhərə 6 432 turist səfər edib. Buraya üz tutanlardan 2 367 nəfəri xarici turistlərdir.
Mövzu ilə bağlı turizm eksperti Ruslan Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, statistikaya nəzər saldıqda daha böyük hədəflərə çatmaq üçün fəaliyyətlərimizi genişləndirməliyik:
“Pandemiyadan əvvəlki dövrdə statistik göstəricilər artım tendensiyası göstərirdi. Lakin pandemiyanın yaratdığı fəsadlar müəyyən məhdudiyyətlərə səbəb oldu. Bu, həm viza almaqda, həm də sərhədlərin bağlı olması səbəbindən yaranan logistika çətinliklərində özünü göstərdi. Düşünürəm ki, Naftalan neftinin dünya şöhrətini yenidən qaytarmaq üçün yeni bir markalaşma siyasəti həyata keçirilməlidir.
Beynəlxalq Avropa təşkilatlarından keyfiyyət sertifikatlarının alınması istiqamətində tanıtım kampaniyalarının aparılması vacibdir. Əlbəttə, turist axınının əsas səbəblərindən biri müalicə imkanlarıdır. Bunun arxasında da kadr hazırlığı, müştəri məmnuniyyəti və digər əlaqəli amillər dayanır.
Bildiyimiz kimi, Azərbaycanda sağlam turizmin inkişafı üzrə strategiya hazırlanır. Bu istiqamətdə həm turizm təyinatlı təşkilatların, həm də dövlətin rolu böyükdür. Orta və iri sahibkarlar üçün əlverişli şərait yaradılmalıdır. Eyni zamanda, bu gün Azərbaycan sağlam turizmlə bağlı beynəlxalq platformalarda uğurla çıxış edir. Həmin platformalardan Naftalan, Duzdağ, İstisu və digər müalicəvi-istirahət məkanlarının inkişafında geniş istifadə olunmalıdır. Əsas hədəf isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının sağlam turizm potensialını tədqiq edərək həm investisiyaların cəlbi, həm də beynəlxalq ekspertlərin dəvəti ilə konkret layihələrin həyata keçirilməsidir".
Çimnaz Telmanqızı