İşçinin maaşı hansı hallarda kəsilə bilər?-Mütəxəssis AÇIQLAYIR…

Tarix: 22:16 15.04.2025
İşçinin maaşı — onun gördüyü işin müqabilində aldığı maddi qarşılıqdır. Əmək haqqı işçinin və ailəsinin əsas dolanışıq vasitəsi olduğuna görə, bu məsələ həm hüquqi, həm də sosial baxımdan olduqca mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas Günay Abbasova “informator.az”a açıqlamasında bildirib ki, Əmək Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq, işçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün əmək haqqı azaldılan qiymətlərlə ödənilir:
“Bu halda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilən dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.
Digər tərəfdən Əmək Məcəlləsinin 175.2-ci maddəsinin c bəndinə görə işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda ziyan dəyərsə, müvafiq məbləğ işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulur.
Habelə, Məcəllənin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilən vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, işəgötürən işçini aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə bilər.
Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən işçinin tam maddi məsuliyyət daşıdığı hallar istisna olmaqla, işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
Əmək intizamı bütün işçilərin Əmək Məcəlləsi ilə, digər qanunlarla, kollektiv müqavilələrlə, sazişlərlə, əmək müqavilələri ilə və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilən davranış qaydalarına mütləq tabe olmalarıdır.
İşçinin işə gecikməsi öz vəzifələrinin yerinə yetirilməməsi halı olduğundan qəsdən təqsirli olaraq təkrarlanması işçi barəsində intizam tənbehinin tətbiqinə əsas ola bilər. Bu zaman işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini vermək hüququnu özündə saxlayır:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulan hallarda işçinin əmək haqqından tutulmalar qanuni hesab edilir. Əks halda işəgötürənin əsassız şəkildə heç bir izahat və məlumatlandırılma olmadan işçinin əmək haqqından tutulmalar aparması qanunsuz sayılır”.
Əminə Əliyeva