Gənclər arasında İT-yə olan marağın səbəbləri

Bölmə: Sosial › ,
Tarix: 22:32 15.04.2025

Son dövrlərə qədər İnformasiya texnologiyalarına maraq az idi. Hətta orta məktəblərdə informatika fənni lazımsız fənn kimi arxa plana keçmişdi. İndi isə tam fərqlidir. Gənclərimiz arasında İTyə marağın artması ilə yanaşı, bunu özünə xüsusi peşə seçən gənclərimizin sayı durmadan artır.

Bununla bağlı İT üzrə mütəxəssis Kənan Novruzov "İnformator.az"a müsahibəsində bildirib ki, əslində, bu, təbii bir haldır:

"Əgər nəzərə alsaq ki, müasir dövrün əsas aparıcı qüvvəsi məhz gənclərdir, o zaman dövrün əsas fenomenlərindən birinin də informasiya texnologiyaları (İT) və bu sahəyə bağlı yönlər olduğunu görə bilərik. Gənclərin həyatında İT fəaliyyətinin üstünlük təşkil etməsi və bu sahədə daha çox gənclərin fəal olması normal qarşılanmalıdır. Bu iki məqam bir-birini tamamlayan amillərdir. Yaşlı və orta nəsil bu texnologiyalarla böyümədiyi, onların həyatına daha sonradan daxil olduğu üçün bu gün yaranan yeni imkanlar onlar üçün bir qədər yad və çətin görünə bilər. Lakin gənclər, demək olar ki, gözlərini açandan informasiya texnologiyaları ilə bu və ya digər formada tanış olublar. Bu, erkən tanışlıq onlara texnoloji yeniliklərə daha asan uyğunlaşmaq imkanı yaradıb. Məsələn, bu gün yaşlı nəsil adi bir smartfondan istifadə etməkdə çətinlik çəkə bilər. Amma gənc nəsil – yəni bugünkü ikinci nəsil – bu cihazlardan asanlıqla istifadə edir".

Ekspert əlavə edib ki, gənc nəsil üçün smartfon və digər texnoloji alətlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib:

"Necə ki, bir zamanlar radio və televizor yaşlı nəsil üçün adi bir vasitə idisə, bu gün də smartfon və rəqəmsal texnologiyalar gənclər üçün eyni funksiyanı daşıyır. Gənc nəsilin İT-yə olan marağı normal qəbul edilməlidir. Çünki bu gün bir çox sahələr məhz informasiya texnologiyalarına əsaslanır və gənclər həmin sahələrdən məmnuniyyətlə yararlanır, bu istiqamətdə özlərini inkişaf etdirirlər".

Məsumə Məmmədli