Məktəblilərin asudə vaxtının təşkilində muzey və dərnəklərin rolu

Tarix: 22:47 15.04.2025
İnternet oyunların tüğyan etdiyi bir zamanda, ağır dərs yükünün içərisində olan məktəblilərin asudə vaxtının təşkili, onların boş vaxtlarının səmərəli keçməsi üçün muzey və dərnəklərin fəaliyyəti, balalarımıza dəstəyi danılmazdır . Bu baxımdan Abdulla Şaiqin ev- muzeyi ön sıralarda gedən ədəbi ocaqlarımızdandır.
Bu barədə "İnformator.az"a danışan Abdulla Şaiq Mənzil-Muzeyinin əməkdaşı, "Vətən" yaradıcılıq dərnəyinin rəhbəri, yazıçı-publisist Arzu Hacızadə qeyd etdi ki, 2022-ci il oktyabrın 19-da Abdulla Şaiqin Mənzil-Muzeyi yanında "Vətən " yaradıcılıq dərnəyi yaradılıb:
"Dərnək Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən rəsmi şəkildə qeydiyyata alınaraq, muzeyin nəzdində fəaliyyət göstərir. Dərnək əsasən Abdulla Şaiqin Mənzil-Muzeyində baş tutan tədbirləri keçirməklə yanaşı digər təhsil və mədəniyyət ocaqlarında da tədbirlərə qatılır. Dərnəyin fəaliyyətinin əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli formada təşkili və onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsidir.
Dərnəyə 7-yaşından 16- yaşınadək yetkinlik yaşına çatmayan uşaqlar cəlb olunur".
Müsahib əlavə edib ki, dərnəkdə həmçinin Şəhid və Qazi övladlarının bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir:
"İl boyu uşaqların marağları nəzərə alınaraq onların yaradıcı fəaliyyəti inkişaf etdirilir. Uşaqlar müxtəlif təbirlərdə, sərgilərdə yüksək səviyyədə çıxışlar edirlər. Bu gün ömrünün sonunadək uşaqların gələcəyi üçün yaşayıb-yaradan Abdulla Şaiqin ruhu şaddır. Çünki onun "Vətən " şeirinin adı ilə bağlı uşaq dərnəyi fəaliyyət göstərir. Bu dərnək öz işi ilə bir zamanlar onun uşaqlarla böyük sevgi ilə apardığı fəaliyyətinin ənənələrini davam etdirir".
Məsumə Məmmədli