Diogen sindromu nədir?

Bölmə: Sosial › ,
Tarix: 23:38 15.04.2025

Müasir psixoloji və psixiatrik tədqiqatlar göstərir ki, bəzi davranış formaları zahirən sadə və zərərsiz görünsə də, onların arxasında ciddi psixi proseslər dayana bilər. Belə davranış nümunələrindən biri də Diogen sindromudur. Diogen sindromu nədir və əsas əlamətləri hansılardır?

 

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova “İnformator.az” saytına açıqlamasında bildirib ki, bu sindrom əsasən yaşlı insanlarda müşahidə olunur:

 

 

“Diogen sindromu – məişət tullantılarını yığmaq və insanlardan təcrid olunmaqla müşayiət olunan bir psixi pozuntudur. Əsasən yaşlı insanlarda rast gəlinir. Sindromun əsas xüsusiyyətlərindən biri kompulsiv davranışlardır. Bu insanlar şəxsi gigiyenaya diqqət etmirlər, sosial təcridə meyilli olurlar, özlərinə və ətraflarına qarşı laqeyd münasibət göstərirlər. Bəzən depressiya ilə qarışdırılsa da, fərqli xüsusiyyətlərə malikdir. Eyni zamanda kleptomaniya ilə də səhv salına bilər, lakin bu, sadəcə əşyaları atmaq istəməmək və hər şeyi yığmaq kimi davranışlarla fərqlənir. Diogen sindromunu obsesiv-kompulsiv pozuntu ilə müqayisə edirlər, amma burada obsessiya yox, kompulsiv hallar ön plandadır", – deyə Əmiraslanova qeyd edib.

 

Bu sindromun yaranma səbəbləri nələrdir?

 

“Yaranma səbəbləri müxtəlif ola bilər. Genetik amillər, yaş dövrü ilə bağlı psixoloji dəyişikliklər və keçmişdə yaşanan travmalar bu sindromun inkişafında rol oynaya bilər. Yaşlı insanlarda rast gəlinməsi hallarında isə psixozun inkişafı da mümkündür", – deyə psixoloq əlavə edib.

 

Müalicəsi üçün nə etmək lazımdır?

 

“Müalicəsi mümkündür, lakin daha çox psixiatrik müdaxilə tələb olunur. Psixiatrik yardım və psixoterapiyanın birgə tətbiqi müsbət nəticə verə bilər. Lakin bu sindrom yaşlı insanlarda müşahidə olunduğu üçün müalicə prosesi bir qədər uzana və nəticələr gec əldə oluna bilər", – deyə Vüsalə Əmiraslanova vurğulayıb.

 

Səyyarə Mirzəyeva