BDU-da Məmmədəli Nasirin xatirəsinə həsr olunmuş tədbir keçirildi

Bölmə: MEDİA › ,
Tarix: 20:06 16.04.2025

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, Mətbuat Şurası otağında İrəvan mətbu mühitinin görkəmli nümayəndəsi Məmmədəli Nasirin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Məmmədəli Nasirin nəvəsi Şəfəq Nasir çıxış etdi. O, İrəvanda nəşr olunan "Lək-lək" və "Burhani-həqiqət" jurnallarının transliterasiya olunmuş versiyalarını təqdim etdi. Bildirdi ki, 2012-ci ildən etibarən bu jurnallar haqqında "525-ci qəzet" və "Kaspi" qəzetində çıxış edir və bu sahədə tədqiqat işi aparır. O həmçinin Cabbar Baxçaban, Əli Məsum və Mir Məhəmməd Mirfətullayevin əsərlərini də transliterasiya elədiyini, redaktə prosesindən sonra onları da təqdim edəcəyini dedi.

Filologiya elmləri doktoru, esseist Rüstəm Kamal tədbirdə çıxış eləyərək bildirdi ki, ən demokratik məkan məhz jurnalistika məkanıdır. O, Azərbaycan mətbuatını mədəniyyətimizin qürurverici hissəsi kimi dəyərləndirdi və mədəniyyət tarixini şəxsiyyət məkanı kimi xarakterizə elədi. Şəfəq Nasirə bu sahədə gördüyü işlərə görə təşəkkürünü bildirdi.
Professor Qulu Məhərrəmli çıxışında dedi ki, istedad, xarakter və istək birləşəndə belə işlər ortaya çıxır. O vurğuladı ki, Şəfəq xanım bu işi əcdadlarından gələn ruhla ərsəyə gətirib.

Professor Amid Tahirli də fikirlərini tədbir iştirakçıları ilə bölüşdü və transliterasiya olunan jurnallar barədə sabah "525-ci qəzet"də yazısının çıxacağını dedi.

Tədbirdə tarix elmləri doktoru Tahirə xanım Həsənzadə və fakültənin dekanı Vüqar Zifəroğlu da çıxış elədilər. Onlar da öz növbələrində Məmmədəli Nasirin irsinin öyrənilməsinin əhəmiyyətindən danışdılar.

Qeyd edək ki, tədbirdə jurnalistika fakültəsinin müəllimləri və tələbələri də iştirak elədilər.
Sonda xatirə fotosu çəkildi.

Banuçiçək Kalbalıyeva