ZAMANIN TƏLƏB ETDİYİ MÜĞƏNNİ

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:24 13.12.2015

Pərixanım Muradova

Haqqında söhbət açmaq istədiyim özü qədər qəlbi də cavan olan Azərbaycan estradasında  müəyyən qədər sözünü demiş,  sevilən müğənni Fuad Musayevdir.  Fuad Musayev nəinki gənclərin, eləcə də orta nəsil nümayəndələrinin sevə-sevə dinlədiyi  müğənnilərdəndir.

Fuad Musayevi  tanıdığım vaxtdan onun gözəl səhnə mədəniyyəti, ciddi və yaraşıqlı görkəmi, etik davranışı,  səlis ifası, zövqlü geyimi məni özünə cəlb etdi. Yaradıcılığı ilə maraqlandım və ifa etdiyi bir çox mahnıların da müəllifinin  məhz özü olduğunu bildim. Çox vaxt musiqi tənqidçilərimiz səhnəyə qədəm qoyan hər hansı bir müğənni haqqında “gözəl səsi var, səhnə üçün görkəmi yoxdur” və yaxud əksinə, “gözəl görkəmi var,səsi yoxdur” ifadəsini işlədirlər. Az müğənni olur ki, onun haqqında həm gözəl səhnə görünüşü, həm də gözəl səsli müğənnidir-sözü  deyilir. Fuad Musayevdə isə bunlar bir-birini tamamlayır. Uca boyu, gözəl səs diapazonu ilə özünü tamaşaçılara sevdirməyi bacaran Fuad eyni zamanda maraqlı müsahibdir. Onunla söhbət edərkən verilən suallara ətraflı, aydın cavab verməsi bu fikrimi bir daha təsdiqlədi.

Kiçik yaşlarından müsiqi ilə məşğul olan və fortopiano kursunu bitirən Musayev bu günki uğurlarına görə ilk növbədə ona bu yolda dəstək olan valideynlərinə minnətdarlığını bildirir. O, orta məktəbi və musiqi təhsilini  doğulub boya-başa çatdığı, qədim Gəncədə alıb. Musiqiyə böyük həvəsi olan F.Musayev yaradıcılığının ilk illərinə  Moskva şəhərində başlayıb. 1997-ci ildən 2006-ci ilə qədər Rusiyada yaşayan və  musiqi fəaliyyəti ilə məşğul olan Fuad nəhayət Azərbaycana qayıdır və “F.M.Express” musiqi qrupunu yaradır. Sözsüz ki, Moskva həyatının F.Musayev yaradıcılığında böyük rolu olub. Rusiyada rus, ingilis, italyan və s. dillərdə mahnılar ifa edən müğənni  Azərbaycan musiqilərinin təbliği ilə də məşğul olur. Dünya xalqlarının musiqiləri ilə maraqlanan Fuad tez-tez Avropa xalqlarının musiqilərinə də müraciət edir. O estradanın caz, rok, pop janrlarında mahnılar ifa etməklə bərabər, Azərbaycan milli musiqisindən də xalq mahnılarını və bəstəkarlarımızın lirik, həzin retro musiqilərinə yüksək səviyyədə ifa edir.

 2006-ci ildə yaradığı “F.M.Express” musiqi qrupu ilə Azərbaycana təşrif  buyuran xarici qonaqlar üçün bir çox  konsert proqramları ilə çıxışlar edir. O, AzTV, İTV, Lider TV və Mədəniyyət kanalları ailəsinin üzvü hesab edilə bilər. F.Musayev  demək olar ki, Azərbaycan TV kanallarının  hamısından  tez-tez dəvətlər alır. Bu yaxınlarda ATV kanalında İlqar Mikayıloğlunun apardığı “Xeyrə qarşı” verlişinin qonağı olarkən Fuadın bir cavabı xüsusi olaraq diqqətimi çəkdi.  Aparıcı:-Fuad, siz qrupun üzvləri ilə necə işləyirsiniz, çətin deyil ki?-sualına Fuad:-Hamısı dostlarımdır-, deyir və daha sonra aparıcının “axı dostla işləmək elə də asan deyil, incimək, filan.Yəni buna görə çətin deyil?” sualına cavabda-“Çətin deməzdim, amma məsuliyyətlidir. Əlbəttə çətin olsaydı 9 il biz birlikdə işləyə bilməzdik” deməsi çox xoşuma gəldi. Həqiqətən də bu belədir. Lakin bunun əsas səbəbi sözsüz ki, Fuadın öz mehribanlığı sadəliyidir. Əgər belə olmasaydı qrupun üzvləri özləri də onu tərk edərdilər.

Fuad Musayev həyatın nəbzini tutmağı bacaran müğənnidir. O, zamanın tələbinə uyğun olaraq mahnı seçimi edir. Özü də yaxşı bilir ki, o zamanın tələb etdiyi müğənnidir. F.Musayev tez-tez Azərbaycan xalq musiqisnə, retro mahnılaraımıza  müraciət edir . Onu da qeyd edim ki, onun müraciət etdiyi mahnıların əksəriyyəti  bir neçə illər bundan öncə müxtəlif müğənnilər tərəfindən öz qiymətini almışdır. Belə musiqilərə müraciət etmək yeni ifaçıdan risk tələb edir. Fuadsa belə riskləri sevir, o öz üzərində daim çalışır, tamaşaçıları və dinləyiciləri yeni mahnılarla sevindirməyə səy göstərir. “İfa zamanı sözlərə yazılmış mahnıda o həyatı hiss etməsən, yaşamasan, ifa yaxşı alınmaz” deyir Fuad.

Özünə qarşı tələbkar olan mügənni heç vaxt çağrılan tədbirlərə məşqsız, hazırlıqsız getmədiyini deyir. Tənqidə münasibətinə gəldikdə isə o, haqlı tənqidi qəbul etdiyini və hətta müəyyən nəticə çıxardığını, haqsız, qərəzli tənqidə gəldikdə isə reaksiya verməməyə çalışdığını və bəzi hallarda isə mədəni formada onları susdurmağı bacarır.

Musayevin fikrincə səhnə adamları tanındığı üçün daha diqqətli olmalı,  hərəkətlərinə diqqət etməlidirlər. Həmişə səviyyəsini qorumağa çalışan müğənni F.Musayev “gündəmdə yalnız sənətlə qalmaq lazımdır, gərəksiz söz-söhbət, qalmaqal mənlik deyil”-söyləyir. Fuad Musayevin repertuarında istər söz baxımından, istər musiqi baxımından bir-birindən fərqli mahnılar yer alır. Xalq musiqisini çox sevən Musayev onu da söyləyir ki, musiqidə hər kəsin öz yolu, oz stili var.  Xalq musiqisindən bəhrələnmədən, milli musiqimizə söykənmədən estrada ifa edib onu xalqımıza sevdirmək çətindir. Doğrudur xarici ölkələrdən bir qədər fərqli musiqilər dinləyib, ifa edirik amma repertuarımı öz xalqımızın musiqi zövqünə seçirəm. Çalışıram ki, bütün dinləyicilərin yaş təbəqələrini nəzərə alaraq mahnı ifa edim. Hətta mahnı seçərkən qrupun üzvləri ilə məsləhətləşir, götür-qoy edirəm, ümumi razılığa gələrək məşqlərə başlayırıq.

Fuad Musayevin son yazdırdığı mahnısı sanki onun musiqi repertuarında əsaslı dönüş yaratdı. Zeynəb Xanlarovanın repertuarına müraciət edərək, onun manılarını ifa etmək həqiqətən də böyük ürək tələb edir. Sozləri Mikayıl Müşfiqə, musiqisi Zeynəb Xanlarovaya məxsus olan “Mən bülbüləm, gül mənimdir” mahnısı F.Musayevin ifasında yeni aranjimanda  öz orijinallığı ilə başqa ifalardan seçilir və çox az müddət ərzində dinləyicilər tərəfindən bəyənilir. Artıq hitə çevrilmiş bu mahnı  Fuad Musayev tərəfindən o qədər gözəl ifa olunub ki, Zeynəb xanım bu ifanı dinləyibsə inanıram ki, o da eyni sözləri söyləyəcək. Fuad Musayevi Azərbaycanın elitar müğənnisi kimi təqdim etsəm yəqin ki, yanılmaram. Mən onun bir neçə Bakı toylarında iştirakını gördüm.Gözəl repertuar seçimi,  ritmik və həzin  mahnılar, bir sözlə maraqlı musiqi nömrələri insanı ruhən o qədər dincəldir ki, özünü bir anlıq başqa bir aləmdə hiss edirsən. Bir-birini əvəz edən Azərbaycan musiqilərinin ardınca Avropa, rus musiqiləri insanı valeh edirdi. Fuad Musayev Azərbaycan estrada sjanrının, eləcə də Azərbaycan səhnəsinin zövqlq müğənnilərindəndir. Hər bir dinləyicinin qəlbinə yol tapan Fuad Musayevə sənət uğurları diləyirəm və ona daha böyük səhnələrdə Azərbaycan adını iri hərflərlə yazdırmağı arzulayıram