BAAU beynəlxalq əməkdaşlığını genişləndirir

Tarix: 21:23 16.04.2025
Bakı Avrasiya Universiteti (BAAU) Türkiyə, İndoneziya və Pakistanın nüfuzlu universitetləri ilə əməkdaşlıq protokolu və anlaşma memorandumları imzalayıb.
“İnformator.az” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sazişlər 2025-ci ilin 8-10 aprel tarixlərində İstanbulda keçirilən EURIE2025 – Avrasiya Ali Təhsil Sammiti çərçivəsində imzalanıb.
Avrasiya Universitetlər Assosiasiyası (EURAS) tərəfindən təşkil olunan sammitdə 65 ölkədən 2 mindən çox iştirakçı, o cümlədən ali təhsil müəssisələrinin nümayəndələri, dövlət rəsmiləri və sənaye nümayəndələri bir araya gəlmişdir. Sammitin əsas məqsədi ali təhsilin beynəlmiləlləşməsi, təhsil idarəçiliyi və ölkələrarası əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparmaq olub.
Universiteti sammitdə təmsil edən rektor dosent Səyavuş Qasımov və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva Türkiyənin İstanbul Aydın Universiteti və Üsküdar Universiteti, İndoneziyanın Negeri Pagand Universiteti və Bung Hatta Universiteti, həmçinin Pakistanın Riphah Beynəlxalq Universiteti ilə görüşlər keçiriblər.
Görüşlər zamanı tərəflər arasında tələbə və professor-müəllim mübadiləsi, birgə elmi layihələr, ikili diplom proqramları, beynəlxalq seminar və konfransların təşkili kimi bir sıra prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib. Xüsusilə müəllim və tələbə mübadilələri, ikili diplom proqramlarının yaradılması, birgə tədqiqatların aparılması kimi məsələlər diqqət mərkəzində olub.
Sonra adları qeyd edilmiş universitetlərlə 5 illik əməkdaşlıq protokolu və anlaşma memorandumları imzalanıb.
Qeyd edək ki, BAAU beynəlxalq əlaqələrinin genişləndirməsi istiqamətində faəliyyətlərini davam etdirir.