Yer üzündəki su haradan gəlib?

Bölmə: Maraqlı › ,
Tarix: 21:42 17.04.2025

Böyük Britaniyada yerləşən Oksford Universiteti və ölkənin Milli Sinkrotron Elmi Mərkəzinin apardığı tədqiqatda Yer üzündəki suyun mənşəyinə dair yeni ipucları əldə olunub.

 

 

Alimlər indiyədək düşünürdülər ki, Yer üzərindəki su, planet formalaşdıqdan sonra su ehtiva edən meteoritlər və quyruqlu ulduzlar vasitəsilə gəlib. Lakin yeni tapıntılar göstərir ki, su planetin yaranışından etibarən onun tərkibində mövcud ola bilər.

Tədqiqatda “enstatit kondrit” (EC) adlanan və Yer kürəsinin ilk formalaşma dövründəki süxurlarla oxşar kimyəvi tərkibə malik nadir meteoritlər araşdırılıb. İnkişaf etmiş rentgen analiz texnologiyası ilə aparılan müşahidələr nəticəsində, bu meteoritlərdə Yer okeanlarının yaranması üçün yetərli miqdarda hidrogenin olduğu müəyyən edilib.

Oksford Universitetindən yer alimləri Dr. Ceyms Brayson bildirib:

“Artıq bilirik ki, planetimizi formalaşdıran materiallar əvvəl düşündüyümüzdən qat-qat çox hidrogen ehtiva edir. Bu da Yer üzündəki suyun sonradan deyil, təbii şəkildə meydana gəldiyi fikrini gücləndirir".

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, hidrogen meteorit nümunələrinin xarici təsirlərlə çirklənməyən hissələrində aşkarlanıb. Bu isə göstərir ki, hidrogen sonradan əlavə olunmayıb, meteoritin özündə təbii şəkildə mövcuddur.

 

 


Mənbə:Haber Global
Nuray Əliyeva